...

ATƏT-in Minsk Qrupu həmsədrləri vahid komanda mövqeyindən çıxış edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2009 14:02 (UTC +04:00)

Regional səfər çərçivəsində Xankəndində olan ATƏT-in Minsk Qrupu həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Metyu Brayza (ABŞ) jurnalistlərə bildiriblər ki, onlar fəaliyyətlərini öz aralarında razılaşdıraraq və bir-birinə etibar edərək vahid komanda mövqeyindən çıxış edirlər. Bu barədə Armİnfo xəbər verir.

Bununla yanaşı, fransalı həmsədr Fasye bildirib ki, onun ötən ilin payızında həyata keçirdiyi fərdi səfəri "rusiyalı və amerikalı həmsədrlər ilə uzun-uzadı məsləhətləşmələrdən sonra" baş tutub. "Və indi biz çox şadıq ki, üçümüz də gələ bilmişik", - deyə Fasye vurğulayıb.

Merzlyakov öz növbəsində qeyd edib ki, bəzən məşğul və xəstə olması səbəbindən kimsə səfərdə iştirak edə bilmir, "buna görə biz bir-birimizə etibar edərək, səfərlə bağlı xeyir-duamızı veririk".

"Biz sadəcə bir komandayıq", - deyə amerikalı həmsədr Brazya əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

ATƏT-in Minsk Qrupu həmsədrləri Merzlyakov, Brayza və Fasye 28 fevral-1 mart tarixlərində regiona səfərləri çərçivəsində Xankəndində olublar.

Xəbər lenti

Xəbər lenti