Azərbaycan, Bakı, 08 may / Trend , müxbir E.Tariverdiyeva /
ATƏT-in Minsk Qrupunun həmsədrləri - rusiyalı həmsədr Yuri Merzlyakov, fransalı həmsədr Bernar Fasye və ABŞ Dövlət katibi köməkçisinin müavini Metyu Brayza may 7-də təşkilatın rəsmi saytında birgə bəyanatla çıxış ediblər.
ATƏT-in Minsk Qrupu həmsədrləri mayın 7-də Praqada ABŞ səfirliyinin iqamətgahında Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın bu ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə görüşünü təşkil ediblər. Bəyanatda bildirilir ki, bu, iki dövlət başçısının bir ildən az bir müddətdə artıq dördüncü görüşüdür.
Həmsədrlər bu görüşlərin hər birinin tərəfləri tərəqqiyə yaxınlaşdırdığını ifadə ediblər. Bəyanatda bildirilir ki, bu gün keçirilən görüş bu istiqamətdə əhəmiyyətli tərəqqi ilə əlamətdardır.
Bəyanatda deyilir ki, prezidentlər həmsədrlərin tərəqqi üçün lazım olan bütün elementlərin hazırlanması məqsədilə həyata keçirdikləri diplomatiyanın gələcəkdə də fəallaşdırılması planını alqışlayırlar. Hazırda həmsədrlər regiona növbəti səfərlərini gözləyirlər və Sankt-Peterburqda prezidentlərə təklif edildiyi kimi iyunun əvvəlinə nəzərdə tutulmuş yüksək səviyyədə görüşü hazırlayırlar.
Həmsədrlər ilin sonunadək əsas prinsiplər üzrə konkret tərəqqinin əldə olunmasına imkan verəcək qarşıdakı görüşləri gözləyirlər.