...

Azərbaycan və Ermənistan XİN rəhbərləri prezidentlərin görüşünü hazırlayacaqlar – amerikalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2009 17:41 (UTC +04:00)
Azərbaycan və Ermənistan XİN rəhbərləri prezidentlərin görüşünü hazırlayacaqlar – amerikalı həmsədr

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir E.Tariverdiyeva /

Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə Parisdə, iki ölkə prezidentlərinin Dağlıq Qarabağ məsələsi üzrə növbəti görüşünü hazırlayacaqlar.

"Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Dağlıq Qarabağ məsələsi üzrə növbəti danışıqları iyunun 26-da Parisdə keçiriləcək", - bazar ertəsi jurnalistlərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

"Parisdə biz Dağlıq Qarabağ münaqişəsinə yanaşmalarımız üzrə məsləhətləşmələr aparıb onu koordinasiya edəcəyik. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyanın növbəti görüşünü hazırlayacağıq. Ümid edirik ki, bu görüş yaxın zamanlarda keçiriləcək", - bazar ertəsi Trend -a ATƏT-in Mİnsk qrupunun amerikalı həmsədri Metyu Brayza deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin əvvəlki görüşü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Sarkisyanın Sankt-Peterburqda iyunun 4-də keçirilən görüşü çərçivəsində baş tutub.

Yüksək səviyyədəki bu görüş prezidentlərin Dağlıq Qarabağ məsələsi üzrə beşinci görüşü olub. Əvvəlki görüş mayın 7-də Praqada keçirilib. Birinci görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikincisi isə ötən ilin noyabrında Moskvada, üçüncü görüş isə bu il yanvarın 28-də Sürixdə keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti