...

ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun 9-da Bakıya gələcəklər - Metyu Brayza

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2009 11:09 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun 9-da Bakıya gələcəklər - Metyu Brayza

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir E.Tariverdiyeva /
 
ATƏT-in Minsk Qrupunun həmsədrləri cümə axşamı, iyulun 9-da Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün hazırlığı üçün Bakıya gələcəklər. Bu barədə Trend -a amerikalı həmsədr Metyu Brayza Vaşinqtondan telefonla bildirib. 

"ATƏT-in Minsk Qrupunun həmsədrləri cümə axşamı, iyulun 9-da da Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın iyulun ortalarında Moskvada baş tutacaq növbəti görüşünün hazırlığı üçün Bakıya gələcəklər", - deyə o bildirib.

Azərbaycan və Ermənistanın dövlət başçıları İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti danışıqları iyulun ortalarında Rusiya Federasiyası prezidentinin mükafatı uğrunda ənənəvi at yarışları çərçivəsində keçirmək niyyətindədirlər.

İki ölkə başçısının Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirilən beşinci görüşü iyunun 4-də Sankt-Peterburqda baş tutub. Əvvəlki görüş isə mayın 7-də Praqada keçirilib. İlk danışıqlar ötən ilin iyun ayında Sankt-Peterburqda, ikinci görüş 2008-ci ilin noyabr ayının sonunda Moskvada, üçüncü görüş isə bu il yanvar ayının 28-də Sürixdə baş tutub.

"Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətlərini səylə davam etdirirlər və biz prezidentlərin Moskvada keçiriləcək növbəti görüşünün konstruktivliyinə ümid edirik", - deyə amerikalı həmsədr bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti