Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir Ü.Sadıxova/
Ermənistanın işğalçı silahlı qüvvələri tutduğu mövqelərdən qərb tərəfə hərəkət etməkdədirlər, onların işğal olunmuş ərazilərdən çıxarılması istiqamətləri müəyyənləşdirilir. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
"Boşaldılması tələb edilən rayonlar - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçınla bağlı bəzi çətinliklər var. Yəqin ki, biz mərhələli yanaşma yolu ilə məsələləri həll etməyə imkan tapacağıq", - Əzimov bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə Azərbaycan torpaqlarının böyük hissəsi qaytarılmalıdır. "Daha sonra uzun olmayan ikinci mərhələdə isə qalan ərazilər qaytarılmalıdır", - Əzimov qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]