Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir R.Hafizoğlu/
"Rusiya Türkiyə kimi güclü regional oyunçudur və müəyyən məsələ üzrə bu ölkələr arasında razılığın əldə olunması uzunmüddətli perspektivdə konkret nəticələr vəd edir", - TÜRKSAM Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin direktoru Sinan Oğan hesab edir.
"İndi demək olar ki, Dağlıq Qarabağ probleminin nizamlanması məsələsi Moskva və Ankara arasında artıq müzakirə olunub", - Oğan Ankaradan telefonla Trend -a bildirib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarda Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamağa çağırıb. Məlumatı TRT yayıb.
Putin isə öz növbəsində, bu münaqişəyə hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
"Baş nazir Vladimir Putinin "Ermənistan-Türkiyə və Dağlıq Qarabağ problemlərinin nizamlanması bir-biri ilə əlaqəli deyil" bəyanatına haqq qazandırmaq olar", - Oğan hesab edir.
Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana səfəri Moskvanın bu məsələyə böyük diqqət ayırmasından xəbər verir.
Lakin, Oğanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ankara və Moskvanın həmrəy olmasına baxmayaraq, Rusiya hazırda bu məsələ ilə bağlı çətin ki Ermənistana açıq-aşkar təzyiq göstərsin.
"Rusiyanın tarixi cəhətdən Ermənistanla daha sıx əlaqələri var, nəinki Türkiyə ilə", - o deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]