...

Küveytdə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2010 12:29 (UTC +04:00)
Xocalı hadisələrinin 18-ci ildönümü ərəfəsində Küveytdə soyqırım qurbanlarının xatirəsi anılıb.
Küveytdə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib (FOTO)

Küveyt, əl-Küveyt, 23 fevral / Trend , xüsusi müxbir S.Ağayeva/

Xocalı hadisələrinin 18-ci ildönümü ərəfəsində Küveytdə soyqırım qurbanlarının xatirəsi anılıb.

Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən təşkil edilən tədbir paytaxt əl-Küveytin nüfuzlu otellərindən biri olan Sheratonda keçirilib.

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının şəxsi heyətinin və ağır texnikanın dəstəyilə Xocalı şəhərini işğal ediblər", - deyərək Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev tədbiri açıb. O xatırladıb ki, artilleriya silahlarından, ağır hərbi texnikadan açılan kütləvi atəş nəticəsində bütün şəhəri alov bürüyüb.

Səfir Xocalı faciəsi haqqında danışıb. Faciə nəticəsində 600-dən çox adam məhv edilib, yüzlərlə adam yaralanıb və itkin düşüb. Addullayev deyib ki, Azərbaycan öz xalqına qarşı törədilmiş bu vəhşilik faktının dünya birliyi tərəfindən tanınmasına nail olacaq.

Səfir Xocalı hadisələri haqqında obyektiv, təhrif edilməmiş həqiqətlərin dünyaya çatdırılması üçün anım tədbirlərinin mühüm rolunu qeyd edib. O, nəhayət hadisəyə hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayıb.

Səfir xüsusilə qeyd edib ki, bu gün Azərbaycan diplomatiyası Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə nizamlanması üçün maksimum səy göstərir. Suveren dövlət olan Azərbaycan bu problemin həlli üçün diplomatiyanın bütün imkanlarından istifadə etmək niyyətindədir. Onun sözlərinə görə, Azərbaycan regionda geosiyası maraqları olan iri dövlətlərin müdrik nüfuzuna, bütün münaqişələrin sivil yolla beynəlxaq hüquq çərçivəsində həllinə ümid edir.

Tədbir iştirakçılarına uzun illər Azərbaycan xalqına qarşı həyata keçirilən etməni terrorizmi haqqında film nümayiş etdirilib. Film Azərbaycanın Əsirlər, Girovlar və İtkin Düşənlər üzrə Dövlət Komissiyası tərəfindən hazırlanıb.

"Azərbaycan erməni iddialarının yalan olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalı, Qarabağda törədilən barbarlıq haqqında dünyaya bəyan etməlidir",- deyə Əsirlər, Girovlar və İtkin Düşənlər üzrə Dövlət Komissiyasının katibi Şahin Sailov Xocalı qurbanlarının anım gecəsində bildirib.

"Filmə baxmaq asan deyil. Çünki ekranda gördükləriniz erməni terrorunun nəticəsidir. Bu, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxiv materiallarının əsasında hazırlanıb. Bu filmi sizə göstərməklə ermənilərə qarşı nifrət atmosferi yaratmağa çalışmırıq, yalnız onu istəyirik ki, siz bütün həqiqəti biləsiniz və başa düşəsiniz ki, erməni terrorundan və soyqırım siyasətindən əziyyət çəkən Azərbaycan xalqı nələri yaşamalı olub",- Sailov bildirib.

Tədbirdə paytaxtdakı Azərbaycan diasporunun nümayəndələri, səfirlər, Küveytdə akkreditə olunmuş xarici ölkələrin diplomatik missiyalarının təmsilçiləri iştirak ediblər.

İştirakçılara 1992-ci il fevralın 26-da baş verimiş qanlı hadisələrdən bəhs edən fotolar, bukletlər, sənədli film təqdim olunub.

Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 26-da yeddiminlik əhalisi olan Xocalı şəhərində soyqırım aktını həyata keçiriblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalının işğalı zamanı şəhərdə üç minə yaxın adam qalıb. Dörd aydan çox davam edən blokada ilə əlaqədar əhalinin əksəriyyəti şəhəri tərk etməli olub. Soyqırım zamanı Xocalıda 600-dan çox adam öldürülüb, 1000 nəfər aldığı yara nəticəsində əlilə çevrilib. 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti