...

Rumıniya və Polşada Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2010 15:50 (UTC +04:00)
Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend News-a verilən məlumata görə, mərasim Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə birgə təşkil olunub.
Rumıniya və Polşada Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir K.Zərbalıyeva/

RumıniyaPolşada Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend -a verilən məlumata görə, mərasim Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə birgə təşkil olunub.

Səfir Eldar Həsənov Heydər Əliyev Fondu tərəfindən səfirliyə göndərilən fotoşəkillər, kitab və bukletlər, sənədli film vasitəsilə xalqımızın qan yaddaşına həkk olunan o acı günü bir daha birlikdə yad etməyi və Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla anmağı xahiş edib.

Səfir Xocalı faciəsinin Azərbaycanın unudulmaz, dəhşətli və qanlı günlərindən olduğunu vurğulayıb, ermənilər tərəfindən törədilən qırğının ağır nəticələrindən danışıb, tədbir iştirakçılarına soyqırım aktının bir sıra dünya ölkələrində anıldığını bildirib.

Sonra tədbir iştirakçılarına İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru xanım Leyla Əliyeva tərəfindən irəli sürülən "Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında məlumat verilib, kampaniyaya dair interaktiv Power Point təqdimatı nümayiş etdirilib və bu təşəbbüs yüksək qiymətləndirilib.

Kampaniya çərçivəsində həyata keçirilən Xocalı faciəsinin insanlığa qarşı törədilmiş cinayət kimi tanınmasına dair dünya liderlərinə ünvanlanmış petisiyanın imzalanması başa çatdırılıb.

Tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ haqqında həqiqi faktlar" seriyasından olan kitabçalarla, "Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)" adlı və rumın dilində çapdan çıxmış "Xocalı faciəsi", "Erməni mifi. Erməni Ekstremizmi: onun səbəbləri və tarixi məzmunu" və "Erməni (mənimsənilmiş) xalq nağılları" kitabları ilə tanış olublar. "Xocalı uşaqların gözü ilə" və Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotosərgi nümayiş etdirilib.

Xocalı soyqırımının qurbanlarının xatirəsi Polsanın Varşava şəhərində də anılıb.

"Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə fevralın 26-da Varşavanın mərkəzində yerləşən Jurnalistlər Evində Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib", -cümə günü səfirlikdən məlumat verilib.

Varşavada akkreditə olunmuş diplomatlar, Polşada təhsil alan yerli və xarici tələbələr, elm adamları və yerli media nümayəndələrinin qatıldığı tədbirdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və 2008-ci ildən başlanmış "Xocalıya Ədalət" beynəlxalq maarifləndirmə kampaniyası barədə məlumatları özündə əks etdirən təqdimat mərasimi keçirilib, dünya liderlərinə ünvanlanmış müraciət oxunub və iştirakçılar sözügedən kampaniyaya qoşulmağa dəvət ediliblər.

Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-nin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti