...

Azərbaycandakı məcburi köçkünlərin hökumət tərəfindən verilmiş yaşayış sahələrini satmağa və ya dəyişməyə ixtiyarı yoxdur - Baş nazirin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2010 15:25 (UTC +04:00)
Dövlət tərəfindən məcburi köçkünlərə verilən ev və mənzillər hökumətin balansındadır, satıla və ya dəyişdirilə bilməz. Bunu Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Azərbaycandakı məcburi köçkünlərin hökumət tərəfindən verilmiş yaşayış sahələrini satmağa və ya dəyişməyə ixtiyarı yoxdur - Baş nazirin müavini

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir S.Ağayeva/

Dövlət tərəfindən məcburi köçkünlərə verilən ev və mənzillər hökumətin balansındadır, satıla və ya dəyişdirilə bilməz. Bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

"Bu evlər və mənzillər müvəqqəti yaşayış xarakteri daşıyır, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansındadır", - Həsənov cümə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, həmin ev və mənzillər məcburi köçkünlərin əmlakı sayılmır, onlara müvəqqəti yaşamaq üçün sənədlər verilir və onların birmənalı olaraq həmin evləri və mənzilləri satmağa, dəyişməyə və yenidən tikməyə ixtiyarları yoxdur. "Onlar Əmlak Məsələləri Dövlət Komitəsinin mülkiyyətidir, - Həsənov vurğulayıb.

Onun sözlərinə görə, hökumət Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərindən köçkün düşən vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması üzrə iş aparır. Həsənov bildirib ki, yaxın vaxtlarda Ramana qəsəbəsində məcburi köçkünlər üçün 70 mənzilli yeni bina istismara veriləcək, Yevlaxda beşmərtəbəli binanın inşasına başlanacaq, Goranboy rayonu ərazisində üçmərtəbəli, Ağdamda beşmərtəbəli binanın inşası başa çatdırılacaq. Füzuli rayonunun Horadiz qəsəbəsində isə Olimpiya Kompleksi istismara veriləcək.

"Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün xeyli hazır layihələrimiz var. Hökumət yeni vəsait ayırarsa, biz onları reallaşdırmağa hazırıq", - Baş nazirin müavini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk Qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə atəşkəs rejimi əldə ediblər. Lakin uğursuz sülh danışıqları hələ də davam edir.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ regionunun və işğal edilmiş ərazilərin azad edilməsinə dair dörd qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

Xəbər lenti

Xəbər lenti