...

Elmar Məmmədyarov ATƏT-in Parlament Assambleyasının Prezidentini qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2010 20:09 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi ATƏT-in Parlament Assambleyasının Prezidenti Joao Soaresi qəbul edib
Elmar Məmmədyarov ATƏT-in Parlament Assambleyasının Prezidentini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi ATƏT-in Parlament Assambleyasının Prezidenti Joao Soaresi qəbul edib, XİN-in məlumatında deyilir.

Görüşdə əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olmuşdur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozduğunu deyən nazir E.Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini bildirmişdir. Bunun üçün münaqişənin mərhələli həllinin uyğunluğunu vurğulayan nazir E.Məmmədyarov

Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, həmin ərazilərdə normal həyat şəraitinin yaradılması, komunikasiyaların açılması, məcburi köçkünlərin öz torpaqlarına qayıtması və sonda Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinin zəruriliyini qeyd etmişdir. Nazir E.Məmmədyarov yalnız bu nizamlanma şərtləri ilə regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü vurğulamışdır.

Öz növbəsində, J.Soares münaqişənin nizamlanması ilə bağlı Azərbaycan tərəfinin yanaşması ilə razılaşdığını bildirərək, münaqişənin nizamlanması üçün uyğun bir vaxtın yetişdiyi və bu imkandan istifadə edilməsinin vacibliyini qeyd etmişdir.

Həmçinin, görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparmışlar.

Xəbər lenti

Xəbər lenti