...

Rusiya və Türkiyə prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təkan verə bilər - Türkiyə Baş nazirinin müşaviri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 May 2010 19:41 (UTC +04:00)
Çərşənbə günü Ankarada baş tutmuş Rusiya və Türkiyə prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təkan verə bilər.
Rusiya və Türkiyə prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təkan verə bilər - Türkiyə Baş nazirinin müşaviri

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir R.Hafizoğlu/

Çərşənbə günü Ankarada baş tutmuş Rusiya və Türkiyə prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təkan verə bilər. Bunu Trend-ə Türkiyə Baş nazirinin Avrasiya məsələləri üzrə müşaviri Qeybulla Ramazanoğlu deyib.

"Rusiya və Türkiyə prezidentlərinin görüşündən sonra keçiriləcək Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bütün sonrakı danışıqlar uğurlu olmalıdır", - Ankaradan telefonla Ramazanoğlu deyib.

Rusiya Prezidenti Dmitri Medvedev Türkiyəyə rəsmi səfəri zamanı Moskvanın Ankara ilə birgə Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsinə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcəyi barədə bəyanat verib.

"Həm Rusiya, həm də Türkiyə Qafqaz regionunda sabitliyin möhkəmlənməsində, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırlar və öz tərəfimizdən, mən Rusiya Federasiyasını nəzərdə tuturam, biz bu prosesi bütün imkanları, avtoritet və nüfuzu istifadə etməklə irəli aparacağıq", - Medvedev deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduqları barədə bəyanat verən tərəflər, o cümlədən Minsk qrupunun iştirakçıları, əslində heç də həmişə Azərbaycanı dəstəkləmirlər. İndi isə Türkiyənin Azərbaycanın maraqlarını lobbiçilik etməyə real şansı yaranıb", - Ramazanoğlu telefonla Ankaradan deyib.

Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan çərşənbə günü Rusiya Prezidentı ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, əgər ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində uğurlu yoluna davam edərsə, belə olan halda Türkiyə də bu danışıqlar prosesində iştirak məsələsini nəzərdən keçirə bilər.

"Hazırda bizim qarşımızda duran məsələ Azərbaycan və Ermənistanı elə bir nöqtəyə gətirməkdir ki, bu nöqtə münaqişənin sülh yolu ilə nizamlanmasının başlanğıcı sayıla bilsin. Biz öz növbəmizdə bu prosesin davam etməsi üçün əlimizdən gələni edəcəyik", - Baş nazir deyib.

Lakin, Ramazanoğlunun fikrincə, Türkiyənin ATƏT-in Minsk qrupunun dördüncü həmsədrinə çevriləcəyi gözlənilmir.

"Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədri ola biləcəyi sadəcə boş sözlərdir, çünki Ermənistan heç zaman buna razı olmayacaq", - o deyib.

Lakin, ekspertin fikrincə, hətta Türkiyənin bu işə qarışması münaqişənin həllinə zəmanət vermirsə, heç olmazsa bu, Azərbaycanın maraqlarının müdafiəsini təmin edə bilir.

Xəbər lenti

Xəbər lenti