...

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın nazı ilə oynayır - Parlamentin komitə sədrinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 May 2010 13:05 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın nazı ilə oynayır
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın nazı ilə oynayır - Parlamentin komitə sədrinin müavini

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədrinin müavini hesab edir ki, həmsədr ölkələrdən, heç olmasa, biri Ermənistana qarçı sərt mövqe tutmalıdır.

"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən yalnız birinin Ermənistana qarşı sərt mövqe tutması kifayətdir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin", - Trend-in məlumatına görə, bunu cümə günü hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet-saytına Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

Mirzəzadənin sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin Belçikanın paytaxtı Brüsseldə Ermənistanın xarici işləri naziri ilə görüşündə müsbət nəticələrin əldə edilməsi yaxşı olardı.

"Belə görüşlər sanki Ermənistandan xahiş etmək təəssüratı yaradır. Həmsədr olan üç böyük dövlət siyasi yükü dünyanın siyasi yükünə bərabərdir. Amma onlar Ermənistanın nazı ilə oynayırlar, işğalçı ölkəni, sadəcə olaraq, "yola gətirməyə" çalışırlar. Əslində, bu dövlətlərdən yalnız birinin Ermənistana qarşı sərt mövqe tutması, onu beynəlxalq hüquq normalarına əməl etməyə çağırması kifayətdir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin", - millət vəkili əlavə edib.

Komitə sədrinin müavini hesab edir ki, bu görüşlər problemin həllinə müəyyən qədər kömək edir.

"Amma digər tərəfdən, dünya bu üç dövlətin gücsüzlüyünü də görür. Ermənistan kimi zəif və nüfuzsuz bir ölkənin xarici işlər naziri üç dövlətin diplomatları qarşısında meydan oxuyur. Çox istərdik ki, dünya üçün məsuliyyət daşıyan üç dövlət Ermənistandan qəti mövqe tələb etsinlər", - Mirzəzadə vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti