...

Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətsizliyi müharibə variantını qaçılmaz edir – Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2010 16:59 (UTC +04:00)
Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətsizliyi müharibə variantını qaçılmaz edir.
Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətsizliyi müharibə variantını qaçılmaz edir – Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədrinin müavini hesab edir ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətsizliyi müharibə variantını qaçılmaz edir.

"Beynəlxalq təşkilatların, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aparıcı funksiyanı üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi əslində Azərbaycanın problemin sülh yolu ilə həllinə ümidlərini tükəndirməklə yanaşı, eyni zamanda, müharibə variantını da qaçılmaz edir", - Trend-in məlumatına görə, bazar ertəsi jurnalistlərə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞ PA nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Hacıbəylinin sözlərinə görə, bu gün əslində beynəlxalq təşkilatlar öz fəaliyyətsizliyi ilə Azərbaycanı müharibə variantına sövq edirlər. "Münaqişənin iki tərəfi var: işğalçı və işğala məruz qalan tərəf. Münaqişə tərəflərindən birinin ərazisi işğal olunub, 20 faiz torpaqları digər münaqişə tərəfi - işğalçı Ermənistan tərəfindən işğal altında saxlanılır və təcavüzkar ölkə beynəlxalq birliyin bütün tələblərinə sayğısızlıq nümayiş etdirir. Belə olan halda, beynəlxalq təşkilatlar sülhə necə nail ola bilərlər?" - millət vəkili əlavə edib.

Onun fikrincə, sülhə nail olmağın iki variantı var.

"Birincisi, beynəlxalq təşkilatların da bir çoxunun ifadə etdiyi kimi, Azərbaycanı yaranmış siyasi reallıqlarla barışmağa, belə demək mümkünsə, Azərbaycanı məğlubiyyətlə barışmağa sövq etmək. Bu, ümumiyyətlə, mümkün variant deyil. Azərbaycan xalqı, türk millətinin iradəsi heç bir halda bu məğlubiyyətlə barışmayacaq. Prezident İlham Əliyev dəfələrlə belə cəhdlərə qarşı özünün sərt və qətiyyətli mövqeyini ortaya qoyub. O bildirib ki, Qarabağ nə indi, nə də yüz il bundan sonra heç zaman müstəqil olmayacaq. Eyni zamanda, cənab Prezident yenə də dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazisinin bir qarışını belə düşmənə güzəştə getməyəcək və Azərbaycanın bu günə qədər də atdığı ən böyük kompromis elə uzun illərdir sülh yolu ilə nizamlanma prosesində iştirakdan ibarətdir", - Hacıbəyli xatırladıb.

Komitə sədrinin müavini deyib ki, bu gün Azərbaycan münaqişənin həllində hərb variantına əl atmayıbsa və beynəlxalq təşkilatlara münaqişəni sülh yolu ilə həll etməsi üçün imkan yaradıbsa, bu, artıq Azərbaycan tərəfindən edilən ən böyük güzəştdir. "Bununla yanaşı, mən burada cənab Prezidentin bir fikrini də xatırlatmaq istəyirəm: "Azərbaycan tərəfindən vaxtilə Ermənistana güzəşt edilib və Azərbaycan torpaqlarında bir erməni dövləti yaradılıb, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcək". Bu, Azərbaycan tərəfinin, ölkə başçısının, Azərbaycan xalqının birmənalı mövqeyidir. Bu mövqe ortadadır və bütün millətimiz siyasi mənsubiyyətindən asılı olmayaraq, bu mövqenin arxasındadır, bu məsələdə Azərbaycanda Prezidentlə xalq, ümumiyyətlə, bütün siyasi qüvvələr arasında çox monolit bir birlik var. Deməli, bu zaman münaqişənin sülh yolu ilə həllinin yalnız bir variantı qalır ki, bu da işğalçını işğal etdiyi ərazilərdən çəkinməyə məcbur etməkdir", - millət vəkili vurğulayıb.

Hacıbəyli bildirib ki, münaqişənin sülh yolu ilə həllinin yeganə mümkün variantı beynəlxalq güclərin, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana işğal etdiyi ərazilərdən geri çəkilməklə bağlı təzyiq etməsi və bu təzyiqin nəticəsində də sülhün reallaşmasından ibarətdir. "Təəssüf hissilə qeyd etmək lazımdır ki, bu gün Ermənistana qarşı təzyiqləri görmürük. Münaqişənin həlli ilə bağlı ən obyektiv mövqe sərgiləyən Avropa Şurası Parlament Assambleyası belə özünü müəyyən dərəcədə münaqişənin həllindən kənarda saxlayır və münaqişənin həll olunmamasının bütün məsuliyyətini Minsk qrupunun üzərinə atır", - komitə sədrinin müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti