...

Bakının hərbi ritorikadan imtinası, yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra mümkün ola bilər – XİN rəhbəri Məmmədyarov (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2010 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir S.Ağayeva/

Bakının hərbi ritorikadan imtinası yalnız Azərbaycan torpaqlarının ermənilərin işğalından azad edilməsindən sonra mümkün ola bilər. Bu barədə çərşənbə günü Avstriyanın xarici işlər naziri ilə birgə mətbuat konfransında Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bəyan edib.

Məmmədyarovun sözlərinə görə, ola bilsin, Ermənistan hesab edir ki, bu münaqişənin həlli güc tətbiq etmədən mümkündür, lakin güc artıq tətbiq edilib, Azərbaycan əraziləri  işğal altındadır.

"Mən inanıram ki, əgər Ermənistan prosesə əsəbi ritorika ilə yanaşmasa, məsələyə bütün ciddiliyi ilə yanaşsa, münaqişə həll olunacaq", - Məmmədyarov qeyd edib. İlk növbədə, nazirin sözlərinə görə, işğal edilmiş ərazilər azad olunmalı və erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxarılmalıdır.

"Ermənistan Sankt-Peterburqda yenilənmiş Madrid prinsipləri ilə bağlı nə "hə", nə də "yox" dedi və bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarının davam etdirilməsi üçün böyük çətinlik yaradır", - nazir qeyd edib.

Onun sözlərinə görə, bir tərəfdən, Ermənistan deyir ki, Madrid prinsipləri üzərində işlərin davam etdirilməsinə hazırdır, digər tərəfdən, yenilənmiş sənəddəki müəyyən məqamlarla razılaşmır. "Ermənistan Dağlıq Qarabağ münaqişəsini dondurulmuş adlandırır, lakin nə qədər ki qoşunların təmas xəttində adamların həlak olmasına gətirib-çıxaran toqquşmalar baş verir, biz belə ifadə ilə razı deyilik", - nazir deyib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın yanvarda Soçidə keçirilən görüşündə MQ tərəflərə danışıqların əsası olan Madrid sənədinin yenilənmiş variantını təqdim edib.

Madrid prinsiplərini qəbul edən rəsmi Bakı hələ Minsk qrupunun həmsədrlərindən Yerevanın vasitəçilər tərəfindən təqdim olunan yenilənmiş Madrid prinsipləri ilə bağlı mövqeyinə dair informasiya almayıb.

Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə 2007-ci ilin noyabrında ATƏT-in Madrid sammitində rəsmən təqdim olunan Minsk qrupunun təklifi bugünkü danışıqların əsasını təşkil edir. Həmçinin, "baza prinsipləri" kimi məşhur olan bu təklif Ermənistan və Azərbaycan XİN başçılarının 2004-cü ildə Praqada, "Praqa prosesi" adlanan bir sıra görüşlərin nəticəsidir.

"Baza prinsipləri" dedikdə, Dağlıq Qarabağın statusunun sülh prosesinin sonuncu mərhələsində ümumxalq səsverməsi yolu ilə yekun olaraq müəyyən edilməsi, bundan sonra yerdə qalan digər etimad tədbirlərinin necə yerinə yetiriləcəyi, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən tədricən çıxarılması, köçkünlərin öz evlərinə qayıtmaları, ticarət və rabitənin bərpası nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti