...

Azərbaycanın hərbi qulluqçusu Fərid Əhmədovun anası "Mehriban ana" ordeni ilə təltif olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2010 17:40 (UTC +04:00)
"Dədə Qorqud" beynəlxalq fondu və "Azərbaycan dünyası" jurnalı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisinə hücumu zamanı həlak olan baş leytenant Fərid Əhmədovun anası Nərgiz Əhmədovanı "Mehriban ana" ordeni ilə təltif edəcəklər.
Azərbaycanın hərbi qulluqçusu Fərid Əhmədovun anası "Mehriban ana" ordeni ilə təltif olunacaq

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir S.Ağayeva/

"Dədə Qorqud" beynəlxalq fondu və "Azərbaycan dünyası" jurnalı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisinə hücumu zamanı həlak olan baş leytenant Fərid Əhmədovun anası Nərgiz Əhmədovanı "Mehriban ana" ordeni ilə təltif edəcəklər.

"Belə qərar "Dədə Qorqud" fondunun Ağsaqqallar Şurası tərəfindən qəbul olunub", - bu barədə çərşənbə günü Trend-ə fondun prezidenti, jurnalın baş redaktoru Eldar İsmayılov deyib.

Orden qəhrəmanın anasına Fəridi qəhrəman və vətənpərvər yetişdirməsində əməyinə görə verilir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə baş leytenant Fərid Güloğlan oğlu Əhmədov "İgidliyə görə" medalı ilə təltif olunub.

Fərid Əhmədov 1986-cı il fevralın 13-də Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad rayonu Nizami adına bir saylı orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2007-ci ildə məktəbi uğurla bitirib. Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində ixtisaslaşma üzrə illik kurs keçib və ön cəbhədə hərbi hissədə kəşfiyyat tağımı və kəşfiyyat bölüyünün komandiri vəzifəsində çalışıb və baş leytenant rütbəsi alıb.

Fərid Əhmədov 2010-cu il sentyabrın 3-də Tərtər rayonunda hərbi xidmətini yerinə yetirən zaman qəhrəmancasına həlak olub.

Fərdi Əhmədov və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitləri Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qəbul etdikləri birgə bəyannamə əsasında 2010-cu il 6 noyabr tarixində Azərbaycana qaytarılıb.

İsmayılovun sözlərinə görə, mükafat qəhrəmanın anasına cümə axşamı Əhmədovun doğulduğu Cəlilabad rayonunda veriləcək.

Bundan əvvəl fond və jurnal Mübariz İbrahimovun anasını da eyni ordenlə təltif edib.

Biləsuvar rayonunda Mübariz İbrahimovun ailəsinə baş çəkən zaman fondun prezidenti Eldar İsmayılov Mübarizin atası Ağakərim İbrahimova "Vətən övladı" ordenini təqdim edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti