...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına təsir göstərəcək - Ərdoğan

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2011 14:52 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına təsir göstərəcək.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına təsir göstərəcək - Ərdoğan

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir A.Axundov/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına təsir göstərəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib. Onun çıxışı "Rusiya 24" telekanalı ilə yayımlanıb.

"Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında müəyyən rol oynayacaq", - Ərdoğan qeyd edib.

1993-cü ildə münasibətlərin pozulmasına və Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın dünyada "erməni soyqırımı"nı tanıtmaq cəhdləri və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Türkiyə Baş naziri Rusiyanın danışıqlar prosesindəki rolunu da qeyd edib.

"Rusiya tərəfindən Azərbaycan və Ermənistanla üçtərəfli danışıqların keçirilməsi vacib təşəbbüsdür", - Ərdoğan bildirib.

Martın 5-də Soçidə keçirilən son üçtərəfli görüş Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin səkkizinci görüşü olub.

Belə formatda əvvəliki görüş ötən il oktyabrın 27-də Həştərxanda baş tutub. Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin danışqılarının yekunu üzrə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri - Azərbaycan və Ermənistan tərəfindən bəyannamə imzalanıb. Bəyannamə hərbi əsirlərin qaytarılmasını və humantar xarakter daşıyıb.

Ərdoğanın sözlərinə görə, Türkiyənin Rusiya ilə əməkdaşlığı bütün regionun inkişafı və çiçəklənməsi üçün şərait yaradacaq.

Çərşənbə axşamı Moskvaya üçgünlük səfərə gələn Ərdoğan çərşənbə günü Rusiya Prezidenti Dmitri Medvedev və Baş nazir Vladimir Putinlə danışıqlar aparacaq.

Görüşlərdə diqqət Türkiyənin ilk AES-nin, Samsun-Ceyhan neft kəməri və "Cənub axını" qaz kəmərinin tikintisi daxil olmaqla, ticari-iqtisadi əməkdaşlığa yönəldiləcək.

İki ölkə arasında dostluq haqqında müqavilənin imzalanmasının 90 illiyinə həsr edilən səfərin proqramında Ərdoğanın yüksək səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclasında iştirakı da nəzərdə tutulur.

Səfərdə Ərdoğanı yeddi nazir, o cümlədən xarici işlər, energetika, sənaye və kənd təsərrüfatı nazirləri, habelə Türkiyənin işgüzar dairələrinin 200-ə yaxın nümayəndəsi müşayiət edir.

Çərşənbə axşamı Rusiya Prezidenti və Türkiyə Baş naziri nahar zamanı görüşüblər və iki ölkənin iqtisadi əməkdaşlığını, o cümlədən yanacaq-energetika sahəsində əməkdaşlığı müzakirə ediblər. Nahar Türkiyə hökumət rəhbərinin səfər proqramı çərçivəsində ilk tədbir olub. Medvedev və Ərdoğan regional problemlərə, o cümlədən İraq və Yaxın Şərqdəki vəziyyətə də toxunublar.

Xəbər lenti

Xəbər lenti