...

ATƏT-in Minsk qrupunun fəaliyyəti uğursuzdur - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2011 15:50 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun fəaliyyəti uğursuzdur. Trend-in məlumatına görə, bunu millət vəkili Gülər Əhmədova "Beynəlxalq Diaspor Mərkəzi" İctimai Birliyinin illik hesabatında çıxışı zamanı deyib.
ATƏT-in Minsk qrupunun fəaliyyəti uğursuzdur - deputat

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Hacıyev/

ATƏT-in Minsk qrupunun fəaliyyəti uğursuzdur. Trend-in məlumatına görə, bunu millət vəkili Gülər Əhmədova "Beynəlxalq Diaspor Mərkəzi" İctimai Birliyinin illik hesabatında çıxışı zamanı deyib.

"Əgər Türkiyə ATƏT-in Minsk qrupunda yer alsaydı, bu missiya daha uğurlu olardı, lakin belə təklif bəzi beynəlxalq dairələrdə qıcıq doğurur", - Əhmədova əlavə edib.

Millət vəkili qeyd edib ki, hətta bəzən Azərbaycan ilə Türkiyə arasında olan isti münasibətləri soyutmaq istiqamətində cəhdlər də olur.

"Bu prosesin qarşısının alınması üçün Azərbaycan dövlətinin atdığı addımlarla yanaşı, Azərbaycanın qeyri-hökumət təşkilatlarının da işini qiymətləndirmək lazımdır. Bu baxımdan Beynəlxalq Diaspor Mərkəzinin fəaliyyəti xüsusi vurğulanmalıdır. Məhz BDM-in təşəbbüsü ilə ilk dəfə olaraq Türkiyənin Çanaqqala şəhərində şəhid olmuş azərbaycanlıların xatirəsinə lövhə hazırlanıb. Gələcəkdə həmin yerdə Çanaqqalada şəhid olmuş azərbaycanlıların xatirə abidəsinin ucaldılması gözlənilir", - o deyib.

Əhmədovanın sözlərinə görə, BDM Azərbaycan və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mühüm işlər görür.

"Bu baxımdan Çexiya universitetlərində həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar", - o bildirib.

BDM-in sədri İsmayıl Ağayev öz çıxışında qeyd edib ki, mərkəzin "Qarabağ həqiqətləri" layihəsinin sona çatmasına baxmayaraq, bu istiqamətdə işlər hələ də davam etdirilir. Onun sözlərinə görə, gələcəkdə BDM erməni təcavüzünün qurbanı olmuş müsəlman kürdləri məsələsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün işlər görəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

BDM-in Qərbi Azərbaycan Departamentinin rəhbəri Əziz Ələkbərli də erməni təcavüzünün qurbanı olmuş müsəlman kürdləri məsələsinin dünya ictimaiyyətinə çatdırılmasının önəmli olduğunu qeyd edib. O, Türkiyənin kürd problemi olmadığını, bu problemin əslində PKK problemi olduğunu qeyd edib.

Daha sonra qeyd edilib ki, hazırda BDM tərəfindən Qarabağ həqiqətlərinə dair film çəkilir.

Xəbər lenti

Xəbər lenti