...

Fransa Prezidenti regiondakı real vəziyyətlə tanış olub və düzgün nəticə çıxarıb - ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Oktyabr 2011 17:30 (UTC +04:00)
Fransa Prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz regionundakı həmkarlarına göndərdiyi məktub qeyri-rəsmi xarakter daşıyır, bununla belə ona ismarıc kimi baxılmasını vəziyyətin özü tələb edir.
Fransa Prezidenti regiondakı real vəziyyətlə tanış olub və düzgün nəticə çıxarıb - ekspert

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Fransa Prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz regionundakı həmkarlarına göndərdiyi məktub qeyri-rəsmi xarakter daşıyır, bununla belə ona ismarıc kimi baxılmasını vəziyyətin özü tələb edir. Trend-in Ekspert Şurasının üzvü Fikrət Sadıxov belə hesab edir.

Onun sözlərinə görə, regiona səfəri zamanı Sarkozi Ermənistan-Fransa münasibətlərində maraqlı olduğunu gizlətməmişdi.

"Lakin Sarkozi yetərincə sağlam düşüncəli siyasətçidir. Ona görə də o, Azərbaycana qonaq gələrək ölkəmizin reallıqları ilə tanış olduğu halda faktlara etinasızlıq göstərə bilməzdi. Azərbaycana gəldikdən və ölkə hakimiyyəti ilə ünsiyyətindən sonra Sarkozi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını unuda bilməzdi", - Sadıxov bildirib.

Bu yaxınlarda regional turne çərçivəsində Ermənistana səfər edən Fransa Prezidenti Nikola Sarkozi üç Cənubi Qafqaz ölkəsinin liderlərinə məktub göndərib. O cümlədən Sarkozi Ermənistan Prezidenti Serj Sarkisyana da məktub göndərib. Məktubda deyilir: "Əmin olun ki, Fransa Sizin ölkənizin qarşısında duran, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə nizamlanmasındakı çağırışların aradan qaldırılması yolunda Sizin yanınızdadır. Şübhə etmirəm ki, lazımi məqamda Siz ölkənizin və regionun rifahı naminə öz üzərinizə sülh riskini götürə biləcək və bunula da Ermənistanın gələcəyinə öz möhürünüzü vuracaqsınız".

Ekspert hesab edir ki, Bakıya və ümumilikdə regiona səfər edən Sarkozi real vəziyyətlə tanış olub və görünür, baş verənlərdən ağıllı nəticə çıxarıb.

"Fransa lideri həqiqəti nəzərə almaya bilmir, o anlayır ki, Azərbaycan əraziləri azad olunmalıdır və ona görə də Sarkisyana məktubunda riskə çağırış əks olunub. Bu gün bütün beynəlxalq oyunçuların Azərbaycan ərazilərinin işğalı və Ermənistanın beynəlxalq qətnamələri yerinə yetirməməsi faktını etiraf etmələri vacibdir", - Sadıxov hesab edir.

Onun sözlərinə görə, lakin Ermənistan hakimiyyətinin bu ismarıcı necə qəbul edəcəyi böyük məsələdir.

"Ermənistan xülyalarla yaşamağa adət edib və mən şübhə etmirəm ki, onlar Sarkozinin müddəasına cavab verəcəklər, ümumiyyətlə cavab verdikdə də hansısa növbəti qəribə ideya ilə cavab verəcəklər", - politoloq deyib.

Rusiyalı ekspert Aleksey Vlasovun fikrincə, Sarkozinin Sarkisyana ünvanladığı məktubu xüsusi məna kəsb etmir.

"Əsl fransız və siyasətçi kimi Sarkozi heç nə barədə ifadə işlətmir. Oraya istənilən mənanı qoymaq mümkündür, səhv olmayacaq. Əslində isə, Fransa Prezidentinin içkiyə xərclənmiş səfəri prinsip etibarilə Dağlıq Qarabağ ətrafındakı güc bölgüsünə yeni heç nə gətirmədi", - "Vestnik Kafqaza" Analitik İnformasiya Agentliyinin baş redaktoru, Trend-in Ekspert Şurasının üzvü Vlasov bildirib.

Onun sözlərinə görə, bu ifadələrə qaçılmaz məna verməyə dəyməz. Hələlik əsaslı dəyişikliklər üçün heç bir zəmin yoxdur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti