Azərbaycan, Bərdə, 22 oktyabr /Trend, müxbir Ş.Cəliloğlu/
Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərdən təmas xəttinin Azərbaycan Ordusunun nəzarətində olan tərəfinə keçiblər. Bu barədə Trend-in bölgə müxbiri xəbər verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, okytabrın 22-də Azərbaycan Respublikasının Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilir.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Xristo Xristov keçirirlər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçirirlər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.