...

Ermənistanın hərbi imicinin dağılması prosesi başlayıb – azərbaycanlı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2011 13:48 (UTC +04:00)
Azərbaycanlı politoloq hesab edir ki, Ermənistanın hərbi imicininin dağılması prosesi başlayıb.
Ermənistanın hərbi imicinin dağılması prosesi başlayıb – azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 24 noyabr /Trend müxbir, E.Mehdiyev /

Azərbaycanlı politoloq hesab edir ki, Ermənistanın hərbi imicininin dağılması prosesi başlayıb.

"Ermənistanda bu vaxta qədər iqtisadiyyatda və cəmiyyətdə böyük problemlər mövcud idi, amma ölkə hakimiyyəti ordunu daxili və xarici resurslar hesabına qoruyub saxlaya bilmişdi. Lakin bu resurslar artıq tükənməyə başladığından ordunun imicinin də dağılma prosesi başlayıb", - cümə axşamı Trend Beynəlxalq İnformasiya agentliyinin konfrans zalında keçirdiyi ənənəvi mətbuat konfransında azərbaycanlı politoloq Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, artıq Ermənistan ordusu vətəni yox, oliqarxları müdafiə edən orduya çevrilib və hakimiyyət bu prosesin qabağını artıq heç cür ala bilməyəcək.

Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan politoloq bildirib ki, Avropa İttifaqının Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının dialoqunun təşkil edilməsi haqqında təklifi iflasa uğrayacaq.

Onun fikrincə, icmaların dialoqunun aparılması Ermənistan hakimiyyətinin maraqları ilə ziddiyyət təşkil etdiyi üçün Serj Sarkisyan bu dialoqa qadağa qoyub.

"Dialoqun başlanması münaqişənin tənzimlənməsi prosesinin sonuna birbaşa yaxınlaşmaq demək olardı. Bu isə Sarkisyan hakimiyyətinin problemin həllinin uzadılması mövqeyinə ziddir", - Əhmədoğlu bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti