Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.Mehdiyev/
Latviyanın sabiq prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll edilməsinin tərəfdarı olduğunu bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sülh yolu ilə öz həllini tapmalıdır", - Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda jurnalistlərə açıqlamasında Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.
Onun sözlərinə görə, münaqişə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən irəli sürülən Madrid prinsipləri əsasında ədalətli şəkildə həll olunmalıdır.
"Latviyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Ümidvaram ki, regionda mövcud olan bu problem yaxın gələcəkdə öz həllini tapacaq", - Zatlers bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.