...

Azərbaycan müdafiə naziri müharibə ehtimalından danışdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2012 17:34 (UTC +04:00)
Müdafiə naziri Dağlıq Qarabağ münaqişəsi danışıqlar vasitəsilə həll edilməyəcəyi təqdirdə, Azərbaycanın işğal olunmuş torpaqlarını başqa vasitələrlə azad etmək məcburiyyətində qalacağını bəyan edib.
Azərbaycan müdafiə naziri müharibə ehtimalından danışdı

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir M.Əliyev/

Müdafiə naziri Dağlıq Qarabağ münaqişəsi danışıqlar vasitəsilə həll edilməyəcəyi təqdirdə, Azərbaycanın işğal olunmuş torpaqlarını başqa vasitələrlə azad etmək məcburiyyətində qalacağını bəyan edib.

Trend-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özellə görüşdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bildirib ki, Minsk Qrupunun münaqişəni həll etmək istiqamətində göstərmiş olduğu səylər konkret nəticə vermədikdə, Azərbaycan işğal olunmuş torpaqlarını başqa vasitələrlə azad etmək məcburiyyətində qalacaq.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Nazir qeyd edib ki, buna görə də Azərbaycan öz Silahlı Qüvvələrini getdikcə gücləndirir.

Geniştərkibli görüşdə Səfər Əbiyev Necdet Özeli bölgədə hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə məlumatlandırıb.

Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğu görüşdə bu əlaqələrin daha da dərinləşməsinin vacibliyi vurğulanıb. Bu mənada həm NATO çərçivəsində, həm də ikitərəfli qaydada Türkiyə-Azərbaycan hərbi əlaqələrinin verdiyi töhfə xüsusi qeyd olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti