Azərbaycan, Bakı, 22 yanvar / Trend müxbir M.Əliyev/
Dağlıq Qarabağın azərbaycanlı icması Xocalı soyqırımının tanıdılması istiqamətində silsilə tədbirlər keçirmək üçün Avropa ölkələrinə səfər edir. Bu barədə Trend-ə çərşənbə günü "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvü Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, fevral ayının sonuna kimi icma üzvləri Xocalı sakinləri və soyqırım günü əsirliyə düşmüş şəxslərlə birgə Almaniya və Belçikada tədbirlər keçirəcək. "Bir qrup şəxs Fransanın paytaxtı Parisdə də Xocalı faciəsi ilə bağlı tədbirlərə qatılacaq", - Rzayev deyib.
Görüşlərdə Xocalı soyqırımı zamanı əsir düşmüş şəxslər də iştirak edərək öz gördüklərini danışacaqlar.
"1992-ci il 26 fevralda Xocalıda zərər çəkmiş 23 nəfər körpə bir müddət Almaniyada qalıb. İndi gənc olan həmin şəxslərdən 5 nəfəri Almniyada keçiriləcək tədbirlərə qatılacaq", - o deyib.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.