...

Kaliforniya qanunvericilərinin layihəsi Qarabağ münaqişəsini ermənilərin mövqeyindən təsvir edir - KİV

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2012 12:29 (UTC +04:00)
Kaliforniya ştatının Qanunvericilik Assambleyasının bəzi üzvlərinin təklif etdikləri 27 fevral anım günü haqqında layihə tarixi faktları ciddi şəkildə saxtalaşdırır, Ermənistan-Azərbaycan münaqişəsinə birtərəfli baxışı əks etdirir və kaliforniyalı qanunvericiləri Dağlıq Qarabağ münaqişəsində ədalətsiz və qərəzli mövqe tutmağa məcbur edir.
Kaliforniya qanunvericilərinin layihəsi Qarabağ münaqişəsini ermənilərin mövqeyindən təsvir edir - KİV

Azərbaycan, Bakı, 23 fevral / Trend, müxbir E.Tariverdiyeva /

Kaliforniya ştatının Qanunvericilik Assambleyasının bəzi üzvlərinin təklif etdikləri 27 fevral anım günü haqqında layihə tarixi faktları ciddi şəkildə saxtalaşdırır, Ermənistan-Azərbaycan münaqişəsinə birtərəfli baxışı əks etdirir və kaliforniyalı qanunvericiləri Dağlıq Qarabağ münaqişəsində ədalətsiz və qərəzli mövqe tutmağa məcbur edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan-Amerika Şurasının prezidenti İsmayıl Rüstəmovun Assambleya üzvlərinə məktubunda deyilir.

Kaliforniya Assambleyasının bəzi üzvləri yanvarın 30-da bu ştatda 2012-ci il fevralın 27-də 1988-1990-cı illərdə Azərbaycanın Sumqayıt, Gəncə və Bakı şəhərlərində "erməni qırğını" qurbanlarının anım günü kimi təsdiqlənməsi üzrə qətnamə layihəsini (ACR 96) təqdim ediblər.

Rüstəmovun məktubunda deyilir ki, bu qətnamə layihəsi dinc azərbaycanlı sakinlərin 20 illiyi 2012-ci il fevralın 26-da qeyd olunacaq Xocalı qırğını haqqında xatırlamaya şüurlu olaraq məhəl qoymur.

"Human Rights Watch"ın məlumatına görə, 613 dinc sakinin, o cümlədən 106 qadın və 63 uşağın qətli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi gedişində dinc sakinlərin ən kütləvi qırğını olub.

Layihənin qəbuluna qarşı ərizənin altında iki gün ərzində toplanan 2500-dən çox imza var. Bu barədə Azərbaycan-Amerika Şurasının məlumatında deyilir. Həmin ərizə konqresmenlərə ünvanlanan məktuba əlavə edilib.

Artıq Amerika KİV-ində qətnamə layihəsinə reaksiya verilib.

"Monterey Harold" qəzetinin yazdığına görə, Kaliforniya Assambleyasının təqdim etdiyi qanun layihəsi Azərbaycanın separatçı Dağlıq Qarabağ regionundakı hadisələri son dərəcə qərəzli şəkildə və yalnız ermənilərin mövqeyindən təsvir edir.

Qəzetin yazdığına görə, qanun layihəsində dörd ildən, 1988-ci ildən sonra ermənilərin Xocalı şəhərində 613 azərbaycanlını, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdikləri xatırlanmır. Azərbaycanlılar çoxdan bu hadisəyə diqqəti cəlb etməyə, onu bütün dünyada tanıtmağa çalışırlar.

"Beləliklə, belə sual yaranır: nə üçün Kaliforniya ştatının Qanunvericilik Assambleyası Dağlıq Qarabağ münaqişəsi hadisələrinə yalnız ermənilərin bu münaqişədəki itkilərinin tanınması mövqeyindən yanaşır və nə üçün indi?", - məqalə müəllifi sual verir.

Onun fikrincə, "ACR 96" qanun layihəsi Kaliforniyanın erməni əhalisinin böyük təsirini əks etdirir. Sənəd sadəcə anım günü təşkil etməyə çalışmır. Bu, faciəli hadisələrdən münaqişə ətrafında gedən siyasi oyunlarda istifadə etmək cəhdidir.

Qəzet yazır ki, "ACR 96" Vaşinqtonda və Los-Ancelesdəki azərbaycanlı nümayəndələrin qəzəbli reaksiyasına səbəb olub.

"Qanunverici hakimiyyət bitərəf qalmalı və hər iki tərəfin fikrini nəzərə alaraq dinc həll yolu tapmalıdır", - məqalədə deyilir.

Xəbər lenti

Xəbər lenti