...

Buxarestdə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 20:11 (UTC +04:00)
Buxarestdə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib
Buxarestdə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qanlı faciənin dünyada tanıdılması ilə bağlı Buxarest Yazıçılar Birliyi və Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin dəstəyi ilə fevralın 23-də Buxarestdə "İnsanların sülh şəraitində birgə yaşamasının təşviqində konstruktiv dialoqun rolu: Azərbaycan diqqət mərkəzində" mövzusunda konfrans keçirilib.

Səfirlikdən cümə günü Trend-ə verilən məlumata görə, qanlı faciənin eləcə də erməni işğalının Rumıniyada geniş şəkildə təbliğ olunması istiqamətində silsilə tədbirlərin keçirilməsində Türkiyənin Rumıniyadakı səfirliyi fəal şəkildə iştirak edib. Belə ki, sözügedən konfransa Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Kamer Kasım məruzəçi qismində dəvət edilib.

Tədbirdə Rumıniyanın ictimai təşkilat və fondlarının üzvləri, tanınmış din, ədəbiyyat, tarix və incəsənət xadimləri, KİV nümayəndələri, Rumıniyada akkreditə olunan xarici ölkələrin diplomatları, ölkədəki türk və tatar toplumunun təmsilçiləri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatası, Heydər Əliyev Fondu və ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin əməkdaşları, təhsil alan tələbələrimiz iştirak edib.

Tədbiri giriş sözü ilə açan səfirliyin nümayəndəsi dünyada, xüsusən Cənubi Qafqazda mövcud münaqişələrin həllində konstruktiv dialoqun müstəsna rolunu qeyd edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində təcavüzkar ölkənin dağıdıcı mövqeyindən bəhs edib.

Buxarest Yazıçılar Assosiasiyasının sədri və Rumıniya Yazıçılar İttifaqının Direktorlar Komitəsinin üzvü, yazıçı, dramaturq Horia Qırbya Azərbaycanla bağlı təəssüratlarından danışıb, Qubadakı kütləvi məzarlıqda ermənilərin günahsız Azərbaycan xalqına qarşı soyqırım həyata keçirməsinin dəlilləri ilə yerindəcə tanış olduğunu, Xocalı faciəsinin günümüzdə insanlıq əleyhinə ən böyük cinayət kimi qiymətləndirilməsinin vacibliyini dilə gətirib. O, bütün bunlara rəğmən, Azərbaycan xalqının sülhsevər xalq olduğunu bildirib.

Rumıniyanın və bütövlükdə regionun aparıcı nüfuzlu nəşrlərindən olan "Geopolitika" dərgisinin direktoru Vasile Simileanu xalqımızın faciədə itirdiyi qurbanlarının böyük təəssüf hissi yaratdığını, ermənilərin bu qəddar əməlləri nəticəsində çoxlu sayda itkilərin olduğunu və rumın xalqının Azərbaycan xalqının kədərini bölüşdüyünü bildirib. Xocalı faciəsinin insanlıq əleyhinə yönəlmiş cinayət olduğunu, soyqırımda çoxlu sayda insanların tələf olduğunu, ölkəmizin 20 faiz torpağının Ermənistan təcavüzkarları tərəfindən işğala məruz qaldığını, 1 milyondan çox qaçqın və məcburi köçkünlərin öz yurdlarından didərgin düşdüyünü bildirərək, tezliklə ərazi bütövlüyümüzün təmin olunacağını və qaçqınların öz yurdlarına qayıdacağına ümidini ifadə edib.

Daha sonra Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin direktor müavini, Cənubi Qafqazdakı münaqişələr və erməni məsələsi üzrə mütəxəssis Kamer Kasım, ilk növbədə, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə iştirakçılara geniş məlumat verib. O, Xocalı faciəsinin Ermənistan tərəfindən törədildiyini, kütləvi qırğınlarla nəticələndiyini və bu əməlin bəşəriyyət əleyhinə yönəlmiş cinayət olduğunu qeyd edib. Kasım ermənilərin uydurduğu qondarma "erməni soyqırımı" və Ermənistanın Azərbaycana təcavüzünə görə Türkiyənin Ermənistanla sərhədlərini bağladığını, münaqişə həll olunmayana qədər ölkəsinin Ermənistanla sərhədləri açmayacağını vurğulayıb. O, Türkiyənin Ermənistanla münasibətlərində hər zaman Azərbaycanın mövqeyini nəzərə aldığını və Türkiyənin Azərbaycana olan dəstəyinin daimi olacağını qeyd edib.

Daha sonra Kamer Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin hələ də icra edilmədiyini və bunun məsələyə ədalətsiz yanaşma olduğunu bildirib.

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri professor Dumitru Balan Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından, öz tarixi topraqlarından qovulmasından, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışıb. O, erməni hakim dairələrinin münaqişənin həllində yerli xalqın iradəsinə qarşı zidd addım atmasından təəssüfləndiyini də bildirib.

Rumıniyanın hakim Demokrat Liberal Partiyasının (PDL) Gənclər Təşkilatının sədri Andrada Dinu öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri ilə bağlı dünya ictimaiyyətinin yalnız erməni mənbələrindən məlumat aldığını, Azərbaycanın beynəlxalq hüquqa söykənən ədalətli haqlı mövqeyinin bərpa edilməsinə qarşı erməni lobbisinin məkrli və pozucu fəaliyyət göstərdiyini, Ermənistan dövlətinin Azərbaycan və Türkiyəyə qarşı müxtəlif iddialarını əsaslandırmaq üçün saxta dəlil və yalanlara əl atdığını vurğulayıb. Xanım Andrada Dinu bu gün dünya ictimaiyyətinin Ermənistan silahı qüvvələri tərəfindən Xocalıda törədilən soyqırımı tanımalı olduğunu və bu ədalətsizliyə biganə yanaşmağın insanlıq baxımından yolverilməzliyini qeyd edib.

Sonda konfrans iştirakçılarına insan hüquqları üzrə beynəlxalq təşkilatların, xarici mətbuatın və şahidlərin Xocalı dəhşətlərini əks etdirən və qətliamı təsdiqləyən faktları görüntülü kadrlarla nümayiş etdirilib.

Mərasim ölkənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti