Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir M.Əliyev/
Xocalıda öldürülən günahsız, hərbiyə aidiyyəti olmayan insanların, ana və bacılarımızın qanı yerdə qalmayacaq. Trend-in məlumatına görə, bunu bazar günü jurnalistlərə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.
"O dəhşətli cinayəti törədənlərin hamısı məhkəmə qarşısında durmalıdır", - Səfərov deyib.
O, vurğulayıb ki, Dağlıq Qarabağın yerli əhalisi öz ata-baba yurdlarına qayıtmalıdır.
"Bütün dünya bunun üçün öz səsini çıxartmalı, ikili standartlara son qoymalıdır", - Səfərov deyib.
O, qeyd edib ki, bu günlərdə dünyanın əksər ölkələrində Xocalı soyqrımı şəhidləri yad olunur, bir sıra ölkələrdə isə artıq Xocalı soyqrımı ilə bağlı sənədlər qəbul olunub.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.