...

NATO və Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal müdaxiləsi vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2012 19:52 (UTC +04:00)
Brüsseldə fəaliyyət göstərən tanınmış beynəlxalq tədqiqat mərkəzi - Avropa Siyasət Mərkəzində cümə günü "Azərbaycan və Avro-Atlantika təhlükəsizlik strukturları" mövzusunda "dəyirmi masa" keçirilib.
NATO və Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal müdaxiləsi vacibdir

Azərbaycan, Bakı, 16 mart /Trend/

Brüsseldə fəaliyyət göstərən tanınmış beynəlxalq tədqiqat mərkəzi - Avropa Siyasət Mərkəzində cümə günü "Azərbaycan və Avro-Atlantika təhlükəsizlik strukturları" mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, tədbirdə əsas natiq qismində Azərbaycanın NATO yanında nümayəndəsi, səfir Xəzər İbrahim, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, Münaqişələr və dövlət quruculuğu üzrə London İnformasiya Şəbəkəsi Təşkilatının icraçı direktoru Dennis Sammut və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, hazırda Alman Marşal Fondunun məsul əməkdaşı Piter Semnebi çıxış ediblər.

Tədbirdə Azərbaycanın Avro-Atlantika məkanının təhlükəsizliyinin təminatında oynadığı rol, ölkənin unikallığı, onun mövcud potensialı və resursları, artan beynəlxalq nüfuzu, ölkədə aparılan islahatlar və gələcək inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidentinin bu yaxınlarda NATO-nun mənzil-qərargahına etdiyi səfərdən sonra Azərbaycanın Əfqan Milli Ordusu Fonduna 1 milyon avro dəyərində vəsait köçürməsi və bu kimi maliyyə dəstəyi ilə yanaşı, Azərbaycan hərbi kontingentinin İSAF əməliyyatında iştirakı, əfqan rəsmilər üçün müxtəlif təlim proqramları keçirməsi, Əfqanıstanda minalardan təmizlənmə işləri aparması, 35 faiz qeyri-məhvedici sursatın İSAF qüvvələri üçün tranzitinin təmin edilməsində Azərbaycanın oynadığı rol xüsusi dəyərləndirilib.

Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında və enerjidaşıyıcıların mənbə və marşrutlarının diversifikasiyasında Azərbaycanın apardığı siyasət alqışlanıb və təqdirəlayiq hesab edilib. Qeyd olunub ki, Azərbaycan regional liderə xas olaraq ardıcıl olaraq öz iqtisadi və siyasi nüfuzunu artırır və regional əməkdaşlıq və inteqrasiyanı təşviq, bir sıra iqtisadi, enerji və nəqliyyat layihələrinin uğurla irəliləməsində lokomotiv rolunu oynayır.

Tədbir iştirakçıları Azərbaycan ərazilərinin işğalının aradan qaldırılmasında beynəlxalq səylərin artırılması və NATO ilə Aİ-nin münaqişənin həllində fəal müdaxiləsinin vacibliyini qeyd ediblər.

Səfir İbrahim beynəlxalq təşkilatlar tərəfindən regiondakı oxşar münaqişələrə bəslədiyi eyni yanaşmanın Ermənistan-Azərbaycan münaqişəsinə tətbiq olunmasının, yəni bu məsələdə ümumi ifadələr deyil, konkret mövqeyin göstərilməsi ilə açıq münasibətin bildirilməsinin əhəmiyyətini vurğulayıb. Əks halda bu münaqişənin həllinə deyil, həllin mürəkkəbləşməsinə apara bilər.

Görüşdə geosiyasi və iqtisadi tendensiyalar, regional məsələlər, enerji təhlükəsizliyi və sülhməramlı əməliyyatlar mövzularını əhatə edən məsələlər müzakirə edilərək, Azərbaycanın qlobal və regional səviyyədə sülhün, təhlükəsizliyin, sabitliyin və rifahın təmin olunmasında töhfəsi və apardığı siyasəti yüksək dəyərləndirilib.

Xəbər lenti

Xəbər lenti