Azərbaycan, Bakı, 21 may /Trend, müxbir V.Javoronkova/
NATO Cənubi Qafqazda və Moldovadakı həlli yubanan münaqişə tərəflərini bu regionlarda təhlükəsizlik və sabitliyi poza biləcək addımlardan qaçmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə Şimali Atlantika alyansının Çikaqo sammitinin yekunları üzrə qəbul etdiyi bəyannamədə deyilir.
"Biz bütün tərəfləri münaqişələrin dinc yolla nizamlanması üçün konstruktiv iştiraka və siyasi iradə nümayiş etdirməyə, eləcə də mövcud danışıqlar formatına hörmət etməyə çağırırıq", - bəyannamədə deyilir.
Bəyannamədə qeyd olunur ki, Cənubi Qafqazda və Moldovadakı həlli yubanan regional münaqişələr NATO-nun narahatlıq predmeti olaraq qalır.
"Biz Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiq qalırıq və BMT-nin Nizamnaməsi və Yekun Helsinki sənədinə, bu prinsiplərə və beynəlxalq hüququn normalarına əsaslanan regional münaqişələrin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri dəstəkləməkdə davam edirik", - bəyannamədə deyilir.