Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.Tarıverdiyeva/
Litva Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz regionuna daha geniş cəlb edilməsinin fəal tərəfdarıdır. Bunu Litvanın xarici işlər naziri Audronyus Ajubalis bəyan edib.
"Biz "Şərq tərəfdaşlığı"nı Ermənistan, Azərbaycan və Gürcüstanla münasibətlərin inkişafı üçün dəyişməz alət qismində görürük. Litva assosiasiyalar və viza rejiminin sadələşdirilməsi haqqında sazişlər üzrə danışıqlar daxil olmaqla, Cənubi Qafqazın Aİ ilə yaxınlaşmasını dəstəkləyir", - Trend-in məlumatına görə, bu barədə Ajubalis eurodialogue.org-a müsahibəsində deyib.
Onun sözlərinə görə, əməkdaşlığın genişləndirilməsi, insanlar arasında əlaqələr və mobillik həmin cəmiyyətlərin açıqlığına və müsbət transformasiyasına xeyli dərəcədə kömək edir.
"2013-cü ilin ikinci yarısında Aİ-yə sədrlik edəcək Litva, o cümlədən daha sıx iqtisadi əlaqələr və mobilliyin yüksəldilməsi yolu ilə Aİ və maraqlı tərəfdaş ölkələr arasında siyasi assosiasiya və gələcək iqtisadi inteqrasiyanı dəstəkləyəcək", - nazir deyib.
Ajubalisin sözlərinə görə, uzunmüddətli münaqişələrin mövcudluğu ATƏT regionunda təhlükəsizlik və əməkdaşlıq üçün ən ciddi təhdidlərdən biri olaraq qalır.
"Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə sıx əməkdaşlıq çərçivəsində işləmişik və Dağlıq Qarabağın daxilində və ətrafında qeyri-sabit vəziyyətin pisləşməsinin qarşısını almaq üçün öz töhfəmizi vermişik", - nazir qeyd edib.
Onun sözlərinə görə, Vilnüsdə ATƏT-in üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilən birgə bəyanat Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri və Ermənistan və Azərbaycan xarici işləri nazirləri tərəfindən bəyənilib. Nümayəndə heyətlərinin rəhbərləri bəyanatda danışıqlar prosesini ATƏT-in Minsk qrupu formatında davam etdirməyin və sülh nizamlanması istiqamətində tərəqqinin təmin edilməsi üçün etimad ab-havasının yaradılmasının vacibliyi ilə razılaşıblar.
"Aİ bu yaxınlarda Gürcüstan və Cənubi Qafqaz regionunda münaqişələrin nizamlanması üzrə səylərin davam etdirilməsinə sadiqliyini təsdiq edib. Mən əminəm ki, Aİ və regionun üç ölkəsi arasında münasibətlərin möhkəmləndirilməsi uzun müddət davam edən münaqişələrin həlli üçün yeni imkanlar açacaq", - Ajubalis əlavə edib.