...

Dağlıq Qarabağ problemi BMT TŞ-nin qeyri-rəsmi müzakirələrinin mövzusu olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyun 2012 09:56 (UTC +04:00)
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən "Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət" mövzusunda BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələri (Arria Formulası görüşü) təşkil edilib.
Dağlıq Qarabağ problemi BMT TŞ-nin qeyri-rəsmi müzakirələrinin mövzusu olub

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən "Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət" mövzusunda BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələri (Arria Formulası görüşü) təşkil edilib.

BMT yanında Daimi Nümayəndəlikdən şənbə günü Trend-ə verilən məlumata görə, görüşdə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərlə yanaşı, BMT-nin digər üzv dövlətləri, BMT Katibliyi, beynəlxalq hökumət təşkilatları, vətəndaş cəmiyyəti və elmi dairələrin 120-dən artıq nümayəndəsi iştirak edib.

Müzakirələrdə əsas natiqlər qismində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Böyük Britaniyanın Kembric Universitetinin professoru Malkolm Şou çıxış ediblər.

Görüşü giriş sözü ilə açan Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev bugünkü müzakirələrin mövzusunun əhəmiyyətindən danışıb. O bildirib ki, görüşün məqsədi BMT Təhlükəsizlik Şurasının üzvləri və digər iştirakçılar arasında mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması və həlli kimi vacib məsələlər üzrə müzakirələr keçirmək və davamlı və beynəlxalq hüquqa əsaslanan sülh və barışın təşviq edilməsində vasitəçiliyin, hüquqa və ədalətə əsaslanan həllin rolunu işıqlandırmaqdır.

Sonra çıxış edən nazir müavini Əzimov münaqişəli vəziyyətlər, xüsusilə, Ermənistan və Azərbaycan arasında münaqişə kontekstində aparılan vasitəçilik səylərindən söz açıb, onun müxtəlif aspektləri, habelə uğurlu vasitəçiliyin əsas faktorları barədə öz fikirlərini bölüşüb.

Vasitəçilik səylərinin boşluqda cərəyan edən proses olmaması, mövcud vəziyyətin qorunub saxlanılmasına yönəlməməsi və mütləq şəkildə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmasının vacibliyi natiqlərin çıxışlarının əsas xəttini təşkil edib.

Görüşdə iştirak edən Ermənistanın BMT yanında daimi nümayəndəsi müzakirələrin mövzusu və ruhuna zidd tərzdə çıxış edərək, natiqlərin səsləndirdikləri fikirləri təhrif etməyə cəhd göstərib. O, xüsusilə, nazir müavini Əzimovun istinad etdiyi münaqişənin Azərbaycanla onun ölkəsi arasında baş vermədiyini bildirib və Azərbaycanı bu münaqişənin həlli üzrə vasitəçilik səylərini heçə endirməkdə günahlandırıb.

Əzimov cavab olaraq bildirib ki, sözügedən münaqişənin məhz Ermənistanla Azərbaycan arasında baş verdiyinə dəlalət edən çoxlu sayda sübutlar mövcuddur. Onlardan ikisini qeyd etmək kifayətdir. Birincisi, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan vətəndaşları xidmət edir və ələ keçirilən Ermənistan əsgərlərinin sənədləri bu faktı təsdiq edir. İkincisi, münaqişənin həlli üzrə danışıqlarda münaqişə tərəfi kimi məhz Ermənistan Respublikasının dövlət başçısı iştirak edir.

Ermənistan nümayəndəsinin qeyd etdiyi digər məqama cavab olaraq Əzimov bildirib ki, Ermənistan 2011-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi "Mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması və həllində vasitəçiliyin rolunun gücləndirilməsi"nə dair qətnamə üzrə konsensusa qoşulmayan yeganə dövlət olub. Belə olan halda isə bu dövlətin nümayəndəsinin vasitəçilik səylərinin əhəmiyyətindən söz açması təəccüb doğurur.

Xəbər lenti

Xəbər lenti