Mübariz Əhmədoğlu - Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq
Ermənistan prezidenti S.Sarkisyan Livanda olarkən Haykazyan Universitetində ermənilərlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində öz prinsiplərindən bir millimetr də olsun uzaqlaşmadıqlarına sevindiyini bildirdi.
(http://news.am/rus/news/130222.html,
http://news.am/eng/news/130222.html)
Eləcə də bir müddət öncə İtaliya mətbuatına verdiyi müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həllini "qəbul edilməz şərt" adlandırmışdı. Bunlar ən əyani şəkildə sübut edir ki, S.Sarkisyan Dağlıq Qarabağ münaqişəsini həll etmək fikrində deyil. Avropada sərbəst yerdəyişmə hüququndan danışan S.Sarkisyan azərbaycanlıların Dağlıq Qarabağa daxil olmasını qadağan edib. Regional münaqişələrin həlli üçün iqtisadi əlaqələri zəruri sayan S.Sarkisyan Dağlıq Qarabağ ərazisində iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsini, pilot layihələrin reallaşmasını ağlına belə gətirmir. S.Sarkisyanın belə mövqeyini ATƏT MQ həmsədrlərinin davranışı daha da gücləndirir. ATƏT MQ həmsədrləri sanki layihə hazırlamaqdan da ötəri Ermənistandan icazə almalıdırlar. Hər halda, belə olmasaydı, vasitəçilər Böyük Sülh Müqaviləsinin layihəsini hazırlayıb ictimaiyyətə təqdim edə bilərdilər.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində "Xankəndi/Stepanakert" terminlərinin işlənməsinin vaxtı çoxdan keçib. Qərarların qəbulunda "konsensus minus bir" və ya "konsensus minus iki" prinsiplərinin tətbiqi çoxdan gündəliyə gətirilməli idi. Hər-halda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin məsuliyyətini S.Sarkisyanın, yoxsa vasitəçilərin daşıdığını özləri müəyyənləşdirməlidirlər. Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi müəyyənləşdirəcəksə, bu əhali indidən formalaşdırılmalıdır.
S.Sarkisyan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoquna icazə verməməklə statusun müəyyən olunma mexanizminin formalaşmasına əngəl yaradır. Ermənistan tərəfi irəli sürdüyü və ya dəstəklədiyi bütün təkliflərin işləmə mexanizmlərini də təqdim etməlidir. Əgər qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsi təklifi və ya digər təkliflər reallaşmırsa, bu təklifləri daha yaxşı adaptasiya etmək üçün Dağlıq Qarabağın erməniləri və azərbaycanlılardan ibarət işçi qrupunun yaradılması lazımdır. Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərəcək bu işçi qrup etimad tədbirlərinin hansının nə ardıcıllıqla tətbiqini müəyyənləşdirə bilər.