...

Elmar Məmmədyarov: Bütün münaqişələr beynəlxalq hüquqa uyğun şəkildə nizamlanmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2013 18:04 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının mülki əhalinin qorunmasına həsr olunmuş yüksək səviyyəli açıq debatlarında iştirak edib.
Elmar Məmmədyarov: Bütün münaqişələr beynəlxalq hüquqa uyğun şəkildə nizamlanmalıdır

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının mülki əhalinin qorunmasına həsr olunmuş yüksək səviyyəli açıq debatlarında iştirak edib.

Nazir çıxışında qeyd edib ki, müzakirə edilən məsələyə dair Azərbaycanın ardıcıl və qətiyyətli mövqeyi hamıya məlumdur.

"Bizim bu mövqeyimiz davamlı sülh və inkişafın əldə olunmasına töhfə vermək istəyimizdən və silahlı münaqişələrin mülki əhaliyə təsirinin aradan qaldırılması ilə bağlı praktiki təcrübəmizdən qaynaqlanır. Qonşu Ermənistan tərəfindən bizim ölkəmizə qarşı müharibə və ərazilərimizin hərbi işğalı mülki əhaliyə ciddi mənfi təsir göstərib", - nazir deyib.

Məmmədyarov qeyd edib ki, təcavüz nəticəsində Azərbaycan dünyada qaçqınların və məcburi köçkünlərin ən çox olduğu ölkələrdən birinə çevrilib və hazırda ölkədə hər doqquz nəfərdən biri bu kateqoriyaya aiddir. İyirmi bir il öncə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görülməmiş kütləvi qırğın törədilib. Həmin şəhərdə təkcə bir gecədə 600-dən artıq mülki şəxs sırf azərbaycanlı olduqları üçün qətlə yetirilib. Ermənistanın işğalçı hərbi birləşmələri və yerli qeyri-nizami silahlı qruplar qadınlara, uşaqlara və yaşlılara da rəhm etməyiblər.

"Azərbaycan ərazilərinin işğalı ilə bağlı Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə, xüsusilə, beynəlxalq humanitar hüququn pozulması, o cümlədən Azərbaycanda çoxsaylı mülki əhalinin yerlərindən qovulması və mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinə hücumlar və bombardmana diqqət yönəldilib. Biz əminik ki, həm milli səviyyədə, həm də mövcud beynəlxalq hüquqi çərçivədə atılacaq ardıcıl addımlar münaqişə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə məsul olanları ədalət mühakiməsinə çıxaracaq", - nazir deyib.

O qeyd edib ki, danılmaz faktdır ki, bu gün heç bir rəsmi və ya siyasi status ən qatı beynəlxalq cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırım və etnik təmizləmədə adı hallandırılan heç bir şəxsə immunitet verə bilməz.

"Təəssüf ki, beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları normalarının kobud şəkildə pozulması ilə bağlı bütün hallara beynəlxalq və regional səviyyədə lazımi diqqət və reaksiya verilməyib. Bunun nəticəsində keçmişdə törədilmiş, lakin cəzalandırılmamış və tanınmamış cinayətlər çoxdan gözlənilən sülhün və barışığın əldə edilməsinə əngəl törətməkdədir. Bunlar hətta yeni münaqişələrin ortaya çıxması və yeni cinayətlərin törədilməsinə yol aça bilər", - Məmmədyarov deyib.

O qeyd edib ki, bu kimi hallarda cəzasızlığa son vermək üçün daha qətiyyətli və hədəfə yönəlmiş addımların atılması vacibdir.

Nazir qeyd edib ki, Təhlükəsizlik Şurası tərəfindən münaqişələrin həlli ilə bağlı nəzərdən keçirilən təşəbbüslər və regional mexanizmlər sülhün və ədalətin səmərəli şəkildə birgə işləməyini təmin etməlidir. Bu yanaşma onu nəzərdə tutur ki, bütün münaqişələr beynəlxalq hüquqa uyğun şəkildə nizamlanmalıdır və bu, xüsusilə, beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüququnun əsas norma və qaydaları üçün keçərlidir.

"Digər tərəfdən, həlli uzadılmış silahlı münaqişə vəziyyətində siyasi məsələlərlə bağlı razılaşmanın olmaması beynəlxalq humanitar hüquq və insan hüquqlarının davamlı və qəsdən pozulması nəticəsində ortaya çıxmış problemlərin həll olunmaması üçün bəhanə kimi istifadə oluna bilməz", - Məmmədyarov deyib.

Xarici işlər naziri vurğulayıb ki, bu məsələdə xüsusi diqqət əhalinin zorla yerdəyişməsi və xarici hərbi işğal nəticəsində vəziyyəti daha da kəskinləşmiş mülki əhalinin qorunmasına yönəldilməlidir. Münaqişənin mənzil təminatına, torpaq və mülkiyyətə olan təsiri, eləcə də etnik ayrı-seçkilik və zorakı demoqrafik dəyişikliklər daha ardıcıl və qətiyyətli yanaşma tələb edir ki, bununla qeyri-qanuni praktikaya, siyasətə son qoyulsun və yerlərindən qovulmuş əhalinin öz doğma yerlərinə ləyaqətli və təhlükəsiz şəkildə geri qayıtmaları təmin olunsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti