...

Macarıstanın partiyası Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 12:36 (UTC +04:00)
Macarıstan parlamentində 46, Avropa İttifaqı Parlamentində 3 deputat mandatına malik olan "Yobbik" – "Ən yaxşı Macarıstan uğrunda" adlı sağ təmayüllü siyasi partiya erməni hərbi birəşmələri tərəfindən 1992-ci il fevralın 26-da dinc azərbaycanlı əhaliyə qarşı Dağlıq Qarabağın Xocalı şəhərində törədilən soyqırımın 21-ci ildönümü münasibətilə bəyanat yayıb. Bu barədə Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.
Macarıstanın partiyası Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Macarıstan parlamentində 46, Avropa İttifaqı Parlamentində 3 deputat mandatına malik olan "Yobbik" - "Ən yaxşı Macarıstan uğrunda" adlı sağ təmayüllü siyasi partiya erməni hərbi birəşmələri tərəfindən 1992-ci il fevralın 26-da dinc azərbaycanlı əhaliyə qarşı Dağlıq Qarabağın Xocalı şəhərində törədilən soyqırımın 21-ci ildönümü münasibətilə bəyanat yayıb. Bu barədə Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

"1992-ci il fevralın 26-da erməni və keçmiş sovet hərbi birləşmələri Dağlıq Qarabağa nəzarət uğrunda başlanmış işğalçı hərbi əməliyyatlar zamanı Azərbaycanın Xocalı şəhərini ələ keçirərək yerlə yeksan ediblər. Şəhərin xilas olmaq istəyən sakinlərinə amansız divan tutulub. Nəticədə aralarında 83 qadın və 106 uşaq olan 613 nəfər dinc sakin öldürülüb. 150 nəfərdən çox insanın taleyi indi də qaranlıq qalır", - bəyanatda deyilir.

Qeyd olunur ki, 1988-ci ildə başlanan erməni təcavüzü indiyə qədər 20 min azərbaycanlının həyatına son qoyub. Erməni hərbi birləşmələri əsrlər boyu indiki Ermənistan ərazisində yaşayan 250 min nəfərdən çox azərbaycanlını öz doğma yurdlarından qovub çıxarıb, Dağlıq Qarabağda həyata keçirilən amansız etnik təmizləmə zamanı isə bu bölgənin özündən və ətraf rayonlardan daha 660 min nəfər azərbaycanlı əhali didərgin salınıb. Ermənistan bu gün də Azərbaycan ərazisinin təxminən beşdə birini işğal altında saxlayır. Dağlıq Qarabağ işğal olunmuş ərazilərin kiçik hissəsidir. Ətrafdakı işğala uğramış digər rayonlarda hər zaman Azərbaycan əhalisi üstünlük təşkil edib.

"Münaqişəni dinc yolla aradan qaldırmaq məqsədilə BMT, ATƏT, Avropa Parlamenti və digər beynəlxalq qurumlar indiyə qədər müxtəlif müraciət və qətnamələr qəbul edib. Lakin Ermənistanın müqaviməti nəticəsində bu sənədlərdə irəli sürülən haqlı tələblərin həyata keçirilməsi mümkün olmayıb. Azərbaycanın ərazi bütünlüyünün təmin edilməsi, erməni işğalının nəticələrinin aradan qaldırılması, qaçqınların yurdlarına qayıtması bu gün də beynəlxalq birlik qarşısında dayanan ciddi vəzifələrdən biri olaraq qalmaqdadır", - sənəddə deyilir.

Sənəddə Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edən partiya Ermənistanın regionda yürütdüyü işğalçılıq siyasətini qətiyyətlə pisləyir, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumların münaqişənin ədalətli yolla tənzimlənməsi, Azərbaycanın suverenliyinin və ərazi bütünlüyünün bərpa olunması, qaçqın və köçkünlərin öz doğma yurdlarına qayıtması barəsindəki qətnamələrinin təxirə salınmadan həyata keçirilməsini tələb edir. "Ən yaxşı Macarıstan uğrunda" partiyası 2011-ci ilin aprelində ölkə parlamentində Dağlıq Qarabağdakı erməni işğalını pisləyən və Xocalı soyqırımının tanınmasını tələb edən qətnamə layihəsi ilə çıxış etmişdi.

"Ən yaxşı Macarıstan uğrunda" partiyası erməni işğalçılarının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımının 21-ci ildönümü günündə kədərini və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir.

Bəyanatın mətni partiyanın rəsmi www.jobbik.hu və http.www.alfahir.hu saytlarında yerləşdirilib, habelə parlament üzvləri və mətbuat nümayəndələri arasında yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti