...

Azərbaycan-Amerika Alyansı Xocalı ilə bağlı tanıtım kampaniyasını davam etdirir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 15:04 (UTC +04:00)
"XOCALI...Azərbaycana qarşı Bəşər Faciəsi" son günlərdə amerikalıların ən çox gördüyü elana çevrilib.
Azərbaycan-Amerika Alyansı Xocalı ilə bağlı tanıtım kampaniyasını davam etdirir (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

"XOCALI...Azərbaycana qarşı Bəşər Faciəsi" son günlərdə amerikalıların ən çox gördüyü elana çevrilib.

Azərbaycan Amerika Alyansından (AAA) Trend-ə verilən məlumata görə, ABŞ-ın müxtəlif şəhər və ştatlarında Xocalı tanıtım kampaniyası davam edir. Alyansın təşkilatçılığı ilə "XOCALI...Azərbaycana qarşı Bəşər Faciəsi" başlığı altında yüzlərlə məlumat Vaşinqtondakı "National Mall" və "Union Station", Nyu-Yorkdakı "Washington" və "Times Square"də işıqlandırılır.

Ətraf şəhərlərlə birlikdə əhalisinin sayı 20 milyona çatan Nyu-Yorkda bu səpkili kampaniyanın keçirilməsi və müəyyən mənada maraq doğurması seçilmiş təbliğat üsulunun düzgünlüyündən xəbər verir.

Alyansın təsisçisi Anar Məmmədov artıq ikinci ildir keçirilən kampaniyanın əhəmiyyətini vurğulayıb: "Azərbaycan-Amerika Alyansının təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımının ABŞ-da tanıtım kampaniyası bu il ötən il olduğundan da geniş miqyas aldı. Məqsədimiz hamının anladığı, qəbul etdiyi tərzdə ölkəmizin həqiqətlərinin çatdırılmasıdır. Bir gecədə 600-dən çox günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi və bir kəndin bütövlükdə yerlə-yeksan edilməsi indiyə kimi dünya tarixində yer alan ən böyük cinayətlərdən biridir. Bunu milli mənsubiyyətindən, sosial vəziyyətindən və yaşadığı ölkədən asılı olmayaraq, hər kəs bilməli və tanımalıdır".

Kampaniya günlərində Amerika ictimaiyyətinin, siyasətinin məşhur simaları - konqresmen Den Börton, ABŞ-nın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza, Qara Dəniz proqramının rəhbəri Mamuka Tsereteli faciənin miqyasından danışıblar.

Nyu-Yorkun Manhetten rayonunun həm coğrafi, həm də strateji baxımdan mərkəzi hesab olunan Tayms meydanı ən çox reklam, elan yerləşdirilən nöqtədir. Buradakı iri monitorlarda nümayiş olunan çoxsaylı və geniş səpkili reklamlar içərisində Xocalı həqiqətləri hər 15 saniyədən bir nümayiş olunub. Hər kəsi bu faciəni tanımağa dəvət edən reklam posteri sakinlərin diqqətini çox cəlb edir. Mərkəzi küçələr, dayanacaqlar Nyu-Yorkda BMT qərargahı yanında həkk olunan posterlər sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsi bir anlıq da olsa faciənin dəhşətləri haqqında düşünməyə dəvət edir.

Azərbaycan həqiqətlərinin, tarixinin, siyasətinin, mədəniyyətinin okeanın o tayında sadiq təbliğatçısına çevrilən Azərbaycan-Amerika Alyansının reallaşdırdığı layihələr və keçirdiyi irimiqyaslı tədbirlərlə daha yaxından tanış olmaq üçün www.azerbaijanamericaallliance.org səhifəsinə daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti