...

Bosniya və Herseqovina parlamenti Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair qətnamə qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 20:21 (UTC +04:00)
Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının (yuxarı palata) məhz 21 il öncə qanlı Xocalı soyqırımın baş verdiyi gün - 26 fevral 2013-cü il tarixli iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - "Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması"na dair qətnamə qəbul olunub.
Bosniya və Herseqovina parlamenti Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair qətnamə qəbul edib

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının (yuxarı palata) məhz 21 il öncə qanlı Xocalı soyqırımın baş verdiyi gün - 26 fevral 2013-cü il tarixli iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - "Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması"na dair qətnamə qəbul olunub.

Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bu qətnamə Bosniya və Herseqovina parlamentinin tarixində qəbul olunan bu qəbildən olan ilk sənəddir.

Qətnamədə qeyd olunur ki, BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq hüququn norma və prinsiplərini əldə rəhbər tutaraq, Xalqlar Palatasının deputatları Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını təsdiqləyir və dəstəklərini ifadə edirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bütün tövsiyə, qətnamə və bəyannamələrin, xüsusilə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin (822, 853, 874 və 884 saylı qətnamələr) yerinə yetirilməsinə, eləcə də bütün erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırırlar.

"Deputatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, xüsusilə Xocalı şəhərində dinc əhalinin milli və etnik zəmində kütləvi qırğınını bəşəriyyət əleyhinə cinayət və xalqların dinc birgə yaşamasına təhlükə olaraq pisləyir və münaqişənin qurbanları, onların ailələrinin kədərinə tam şərik çıxırlar. Azərbaycan Respublikasının regional və beynəlxalq təhlükəsizliyə yönəlmiş təhdidlərin aradan qaldırılmasına zəmin yaradılması məqsədilə bütövlükdə öz ərazisi üzərində suverenliyinin bərpa olunması istiqamətində səylərini alqışlayırlar", - sənəddə deyilir.

Qətnamədə regionda möhkəm sülhün və sabitliyin bərqərar olması məqsədilə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh prosesinin sürətləndirilməsinin vacibliyi xatırladılır. Xalqlar Palatasının deputatları hökumət və qeyri-hökumət qurumlarının iştirakı ilə yuxarıda göstərilən münaqişənin sülh yolu ilə həllinə nail olunmasına töhfə verən beynəlxalq təşkilatların səylərini dəstəkləyir və qanunun aliliyi, demokratiya, insan haqları və təməl azadlıqların universal sisteminə tam dəstəklərini ifadə edirlər.

Qeyd edək ki, Bosniya və Herseqovina soyqırım aktının baş verdiyi tarixdən keçən 20 il ərzində dünyada Xocalı soyqırımı qurbanlarının xatirəsini özündə əks etdirən bütöv memorial kompleksin yaradıldığı ilk ölkədir (2011).

Avropanın mərkəzində yerləşən, 1992-1995-ci illərdə qanlı müharibəyə səhnə olmuş, BMT və Haaqa tribunalı tərəfindən soyqırım kimi rəsmən tanınan Srebrenitsa faciəsinin yaşandığı bir dövlət olaraq, 3 millətli (boşnak, serb və xorvat) Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasında Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsi, heç şübhəsiz ki, öz növbəsində, dünyada və Avropada ümumi ictimai rəyin formalaşmasında və digər ölkələrin parlamentləri tərəfindən bu qəbildən olan addımların atılması istiqamətində mühüm rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti