...

Müdafiə Nazirliyi: Ermənilər meyitlərini sürüyə-sürüyə daşıyırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2014 13:32 (UTC +04:00)
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, həm Azərbaycan-Ermənistan sərhədi boyu, həm də ümumiyyətlə, qoşunların təmas xəttində Silahlı Qüvvələrimiz vəziyyətə tam nəzarət edir. Azərbaycan tərəfindən hər hansı geriləmə yoxdur.
Müdafiə Nazirliyi: Ermənilər meyitlərini sürüyə-sürüyə daşıyırlar

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, həm Azərbaycan-Ermənistan sərhədi boyu, həm də ümumiyyətlə, qoşunların təmas xəttində Silahlı Qüvvələrimiz vəziyyətə tam nəzarət edir. Azərbaycan tərəfindən hər hansı geriləmə yoxdur.

Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı son bir neçə gündə Ermənistanla sərhəddə, eləcə də işğal edilmiş Azərbaycan torpaqları boyu cəbhə xəttində yaranmış gərgin vəziyyəti şərh edərkən deyib.

V.Dərgahlının sözlərinə görə, itkilərimizə baxmayaraq, yenə Silahlı Qüvvələrimizin əsgər, gizir və zabitlərinin qəhrəmanlığı nəticəsində düşmənin müxtəlif istiqamətlərdə hərəkətinin, basqınlarının qarşısı alınıb: "Düşmən tərəfindən itkilər var. Sadəcə, düşmən itkilərini gizlədir və onları tək-tək təqdim edir. Bizim hərbçilərimizin fərdi qəhrəmanlığı və şücaəti nəticəsində düşmənin hər bir hərəkətinin qarşısı alınır. Bu dəqiqələrdə Hərbi Hava Qüvvələrimiz planlı şəkildə cəbhə boyu uçuşlar həyata keçirir. Hazırda müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhədəki vəziyyəti tam nəzarətdə saxlayır və müvafiq göstərişlər verir. Bu göstərişlər nəticəsində düşmənin atəş nöqtələri susdurulur. Elə hal olub ki, bizim hərbçilərimiz pulemyotla ermənilərin qumbarataanlarının mövqelərini susdurublar. Yaralı gizir axıra kimi döyüşərək düşmənin avtomatla silahlanmış bir neçə əsgərini məhv edib. Ermənilər meyitlərini sürüyə-sürüyə daşıyırlar. Ermənilərin itkiləri var, çoxdur, hətta xeyli çoxdur. Sadəcə, biz onların dəqiq statistikasını bilmirik".

O, həmçinin qeyd edib ki, hazırda Azərbaycan Ordusunun yaralanmış hərbçilərinə yerli hospitallarda ilkin tibbi yardım göstərilib, ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün onlar sanitar-helikopter vasitəsilə Bakıya təxliyyə olunur. Onlar Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına gətirilirlər. Yaralıların vəziyyəti barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Sonda mətbuat xidmətinin rəhbəri yerli KİV-ə müraciət edərək, onlardan əldə edilən hər hansı məlumatı Müdafiə Nazirliyi ilə dəqiqləşdirmələrini xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti