Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Elçin Mehdiyev/
"Cəbhədə belə bir gərgin vəziyyətdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ağdama səfər etməsi, yerli əhali və hərbçilərlə görüşməsi bütün Azərbaycan xalqının və Ordunun döyüş ruhunu yüksəltdi". Trend-in məlumatına görə, bu barədə jurnalistlərə millət vəkili Səttar Mehbalıyev deyib.
S.Mehbalıyev vurğulayıb ki, Prezident İlham Əliyev xalqını o qədər sevir, xalqına o qədər bağlıdır ki, istənilən qaynar nöqtəyə getməyə hazırdır: "Bizim əlinə silah alıb döyüşməyə hazır olan Prezidentimiz var".
Millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin operativ hərbi müşavirə keçirməsi və söylədiyi fikirlər həm düşmənə, həm də onun havadarlarına ciddi bir mesaj idi və Azərbaycanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyini bir daha ortaya qoydu: "Düşmənlər artıq dərk etdilər ki, Azərbaycanın niyyəti çox ciddidir, Azərbaycan Prezidentinin məqsədi həmişə söylədiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir və bu məqsədin həyata keçirilməsi üçün Azərbaycanın istənilən real imkanı vardır".
S.Mehbalıyev bildirib ki, ermənilər yenidən Azərbaycan torpaqlarına hücum edib yeni torpaqlar işğal etməyə çalışırlar: "Ancaq onların bu xain niyyəti heç vaxt baş tuta bilməz, çünki Ermənistan Azərbaycanın qarşısında acizdir. Ümumiyyətlə, Ermənistan ilə Azərbaycanı müqayisə etmək olmaz. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, əhalinin rifahı günü-gündən yaxşılaşır, Ermənistanın iqtisadiyyatı isə artıq məhv olub, yalnız xaricdən gələn ianələr hesabına yaşayır, əhali sürətlə ölkədən qaçıb gedir".
Millət vəkili əlavə edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı döyüşə getməyə, silaha sarılıb işğal edilmiş torpaqlarımızı azad etməyə hazırdır: "Onlar Ali Baş Komandanın əmrini gözləyirlər".