Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Səba Ağayeva/
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadə bütün ermənilərin katalikosu II Qareginin son günlər qoşunların təmas xəttində gərinliyin artması ilə bağlı məktubunu cavablandırıb.
Trend-in QMİ-yə istinadən verdiyi məlumata görə, Allahşükür Paşazadə məktuba cavabında bildirib ki, Azərbaycan xalqı regionda sülhün və beynəlxalq hüququn bərqərar olunmasının tərəfdarıdır: "Bunun üçün Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını çıxartmalıdır, qaçqınlar doğma yurdlarına qayıtmalıdır".
Cavab məktubunda deyilir: "Biz Sizin Ermənistan-Azərbaycan sərhədində və Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində gərginliyin artması ilə bağlı məktubunuzla diqqətlə tanış olduq. Hərbçilərin ölümünə və sərhəd yaşayış məntəqələrində dinc sakinlərin həyat şəraitinin pozulmasına gətirib çıxaran vəziyyətin gərginləşməsinə görə narahatlığınıza dərindən şərikik. Ancaq təəssüflə diqqətinizə çatdırırıq ki, dediyiniz atışmalar və deversiya fəaliyyətləri Azərbaycan torpaqlarında baş verir. Ermənistan qoşunlarının atəşkəs rejimini pozması nəticəsində Azərbaycan əsgələri, həmçinin dinc sakinlərimiz şəhid olur və ağır güllə yaraları alırlar. Ürək ağırısı ilə bildiririk ki, son günlər erməni hərbçilər hətta Azərbaycanın sərhəd kəndlərində 3 uşağı ağıq yaralayıblar".
Şeyxülislam qeyd edib ki, əlbəttə ki, Tanrının insana verdiyi həyata qəsd böyük günahdır. Ona görə də təkcə belə təxribatlara deyil, həm də ümumilikdə davamlı müharibəyə və ərazi münaqişəsinə son qoymaq lazımdır: "Tanrının hökmü ilə qonşu olan xalqlarımız arasında ədalətli və sabit sülhün bərqərar olması üçün erməni siyasətçilər nəhayət konstruktiv mövqe tutmalıdırlar, bunun üçün zəruri iradə göstərmək lazımdır. Belə yanaşma hər şeydən əvvəl erməni xalqının maraqlarına cavab verir. Erməni xalqının əksəriyyəti münaqişənin sülh yolu ilə nizamlanmasını istəyir. Xalqımız regionda sülhün və beynəlxalq hüququn bərqərar olunmasının birmənalı olaraq tərəfdarıdır. Bunun üçün Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını çıxartmalıdır, qaçqınlar və məcbrui köçkünlər doğma yurdlarına qayıtmalıdır".
Allahşükür Paşazadə vurğulayıb ki, yalnız belə olan halda ölkələrimiz arasında gərginlik aradan qaldırılacaq, daimi sakitlik və uzun müddətdən bəri gözlənilən sülh hökm sürəcək: "Bu məqsədlə Azərbaycan xalqı artıq 20 ildən artıqdır ki, səbr və dözüm göstərərək Qarabağ münaqişəsinin nizamlanmasını gözləyir. Təəssüflənirik ki, Azərbaycan dövlətinin və ictimaiyyətinin sülhsevər çağırışları indiyədək Ermənistan tərəfindən eşidilməyib. Əksinə, erməni qoşunları nəinki işğalı davam etdirirlər, həm də sistematik olaraq atəşkəs rejimini pozur, dinc sakinləri öldürürlər. Azərbaycan və Ermənistan xalqları arasında sülhün və etimadın bərqərar olması naminə biz Sizi - bütün ermənilərin Ali Patriarxı və Katalikosunu öz nüfuzunuzdan istifadə edərək Ermənistan hakimiyyətinə təsir etməyə çağırırıq ki, onlar öz qoşunlarını Azərbaycanın ərazilərindən çıxarsınlar və sülh danışıqlarında sağlam mövqe tutsunlar. Bu gün biz həmişə olduğu kimi, Ulu Yaradana müraciət edərək regionda möhkəm sülhün və sakitliyin bərqərar olmasını diləyirik və ümid edirik ki, din xadimlərinin sülhpərvər təşəbbüsləri xalqlarımıza fayda gətirəcək".