...

Arzu Nağıyev: Hərbi helikopterin vurulmasının cavabdehliyi Ermənistan rəhbərliyinin üzərinə düşür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2014 10:37 (UTC +04:00)
Ermənistana məxsus hərbi helikopterin Azərbaycan Ordusu tərəfindən vurulmasında birbaşa cavabdehlik Ermənistan Prezidenti Serj Sarkisyanın və qondarma "Dağlıq Qarabağ respublikası"nın "prezidenti" Bako Saakyanın üzərinə düşür.
Arzu Nağıyev: Hərbi helikopterin vurulmasının cavabdehliyi Ermənistan rəhbərliyinin üzərinə düşür

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Ermənistana məxsus hərbi helikopterin Azərbaycan Ordusu tərəfindən vurulmasında birbaşa cavabdehlik Ermənistan Prezidenti Serj Sarkisyanın və qondarma "Dağlıq Qarabağ respublikası"nın "prezidenti" Bako Saakyanın üzərinə düşür. Bu barədə siyasi ekspert, Trend-in baş direktorunun müavini Arzu Nağıyev deyib.

A.Nağıyev qeyd edib ki, helikopter hücum taktikası həyata keçirən zaman vurulub və bunun da vurulmasında hansısa siyasi məqsədlər güdmək lazım deyil: "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimlərin keçirilməsi ilə bağlı bəyanat verən vaxt Azərbaycan Xarici İşlər Nazirliyi nota verdi ki, Azərbaycan ərazisində heç bir təlimdən söhbət gedə bilməz və bunun məsuliyyətini birbaşa Ermənistanın daşıyacağını bəyan etdi. Bunun nəticəsi olaraq həmin helikopter vuruldu. Yəni hərbi helikopterin vurulmasının cavabdehliyi birbaşa Ermənistan rəhbərliyinin üzərinə düşür".

Ekspert bildirib ki, bu gün Ermənistanın haya-küyə saldığı bu məsələ heç bir qanun çərçivəsinə sığmır, onların boş və mənasız səs-küyüdür: "Əvvəla qeyd etmək lazımdır ki, heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır, hətta Ermənistanın özü belə onu qəbul etmir. Bu o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü dünya dövlətləri tərəfindən qəbul olunur. Bu da istər Birləşmiş Millətlər Təşkilatının, istər Avropa İttifaqının, istərsə də digər beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb. Azərbaycan tərkibinə Dağlıq Qarabağ da daxil olmaqla müstəqil və suveren bir dövlətdir və Azərbaycanın Konstitusiya ilə təsbit olunmuş hüquqlarından biri öz suveren ərazisini qorumaqdır".

O vurğulayıb ki, helikopterin vurulduğu ərazi isə təmas xəttidir: "Yəni Azərbaycan ərazisini zəbt etmiş bir hərbi birləşmə ilə Azərbaycan Ordusunun üz-üzə durduğu təmas xəttidir. Ermənilər əvvəlcə iddia edirdilər ki, bu, Dağlıq Qarabağdakı işğalçı rejimə məxsus bir helikopterdir. Lakin bu iddialar əsassız çıxdı, sübut olundu ki, bu, Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopterdir və guya qondarma "Dağlıq Qarabağ ordusu" ilə hansısa təlimlər keçirirdi".

Siyasi ekspert qeyd edib ki, əgər suveren bir dövlətin ərazisində başqaları tərəfindən hərbi təlimlər keçirilirsə, həmin ölkənin təlimlərə cəlb olunan istənilən hərbi texnikanı məhv etmək ixtiyarı var: "Bir sıra dövlətlər də helikopterin vurulması ilə bağlı qeyri-obyektiv bəyanatlar verir, onun silahsız olduğunu bildirir. Təsəvvür edin ki, hansısa bir dövlətin ərazisində başqa bir dövlətin helikopteri vurulsa, bu qədər reaksiya olardımı? Əlbəttə, olmazdı. Buna çox misallar gətirmək olar. Çox dövlətlərin ərazilərində digər dövlətlərin uçuş vasitələri ya xəbərdalıq edilib və vurulub, ya da ərazidən uzaqlaşdırılıb. Amma bu qədər reaksiya olmayıb".

Bəzi beynəlxalq təşkilatların və dövlətlərin helikopterin vurulması ilə bağlı araşdırmalar aparmaq çağırışlarına gəlincə isə A.Nağıyev deyib ki, burada heç bir araşdırmadan söhbət gedə bilməz: "Hansı araşdırmadan söhbət gedə bilər? Helikopterin hansı briqadaya məxsus olması məlum, helikopterdəki pilotlar da məlum. Burada nəyi araşdırmaq lazımdır? Onu araşdırmaq lazımdır ki, Ermənistan helikopterinin Azərbaycan ərazisində nə işi vardı. Xocalı aeroportu tikiləndə, hansısa erməni biznesmen ora təyyarə alıb gətirəndə xəbərdarlıq olunub ki, Azərbaycan ərazisindən qeyri-qanuni uçuşlar olmayacaq, ola da bilməz".

A.Nağıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz bəyanatlarında artıq Azərbaycanın səbr kasasının daşdığına eyham vurub: "Yəni həm dövlət başçısı, həm dövlət nümayəndələri, həm də Azərbaycan xalqı öz ərazilərində hansısa başqa dövlətin qaniçən, qəsbkar qoşunlarının gəlib hansısa əməliyyatlar keçirməsinə heç vaxt razı olmaz. Mən bir zabit kimi, bir müharibə veteranı kimi bir daha qeyd edirəm ki, sonuncu erməni əsgəri Azərbaycan ərazisini tərk edənə qədər onlara qarşı mübarizə aparmaq lazımdır. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında qətnamələri var. Hesab edirəm ki, bu qətnamələr nə qədər tez yerinə yetirilsə, bir o qədər Ermənistanın xeyrinə olar. Artıq Azərbaycanla hədə-qorxu, silah dili ilə danışmaq mümkün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti