...

Qarabağ qaziləri Roma Papasına səsləndilər: "Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmasını da dilə gətir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2014 13:02 (UTC +04:00)
“Qarabağ qaziləri” Birliyi Roma Papasının Türkiyəyə səfəri zamanı Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı söylədiyi fikirlərlə bağlı bəyanat yayıb.
Qarabağ qaziləri Roma Papasına səsləndilər: "Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmasını da dilə gətir"

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

"Qarabağ qaziləri" Birliyi Roma Papasının Türkiyəyə səfəri zamanı Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı söylədiyi fikirlərlə bağlı bəyanat yayıb. Bu barədə Trend-ə birliyin mətbuat xidmətindən məlumat verilib.

"Qarabağ qaziləri" İctimai birliyinin sədri" Etimad Əsədovun imzaladığı bəyanatda deyilir:

"Noyabrın 28-30 - da Türkiyə səfəri zamanı Roma Papası I Fransisk Türkiyə-Ermənistan sərhədinin açılmasını arzu etdiyini bildirdi.

Təəssüflər olsun ki, 20 ildən artıq bir vaxtda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına, 1 milyondan artıq soydaşlarımızın öz dədə-bab yurdlarından didərgin düşməsinə, Ermənistanda azərbaycanlı körpələrin dəmir borulara doldurularaq diri-diri qaynaq edilməsinə, əsrin ən böyük dəhşətlərindən birinə - Xocalı soyqırımına susan Roma Papası I Fransisk erməniləri müdafiə edir. Məgər o bilmir ki, Türkiyə dövləti Ermənistanla sərhədi niyə bağlayıb? Çox gözəl bilir, amma bunun üstündən sükutla keçir.

Yaxşı olar ki, hörmətli Roma Papası zəhmət çəkib Ermənistan tərəfindən başımıza gətirilən faciələrdən də danışsın, Fələstindən təpədən dırnağa qədər ən müasir silahlarla silahlanmış İsrail ordusu tərəfindən dinc müsəlman əhalinin, uşaqların, körpələrin qətlə yetirilməsindən danışsın! Danışmaz, çünki o, bir xristian təəssübkeşliyi çəkir, din qardaşları olan erməniləri himayə edir. Dünyada haqqın-ədalətin, sülhün tərəfdarı olduğunu bəyan edən Katolik kilsə rəhbəri müsəlmanlara gələndə "bəşəri" dəyərləri unudur, öz xaçpərəstlərinin tərəfini tutur! Min təəssüflər olsun!

Biz Roma Papası I Fransiskdən tələb edirik ki, dünyada baş verən ədalətsizliyə göz yummasın, Azərbaycanın Ermənistan tərəfindən işğal və təcavüzə məruz qalmasını da dilə gətirsin! Ermənistanı Azərbaycan torpaqlarının işğalına, təcavüzünə son qoymağa çağırsın! Azərbaycanda, Fələstində, İraqda və digər müsəlman ölkələrində müsəlman soyqırımına müşahidəçi qalmasın, öz etiraz səsini qaldırsın!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti