...

Fəzail Ağamalı: "Bu, erməni həyasızlığının son həddidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2015 15:54 (UTC +04:00)
“Bu, erməni həyasızlığının son həddidir. Ermənilər bu teatrı qurmaqla əslində özlərinin bütün eybəcərliklərini, analoqu olmayan antipot milli xüsusiyyətlərini ortaya qoyurlar”.
Fəzail Ağamalı: "Bu, erməni həyasızlığının son həddidir"

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Bu, erməni həyasızlığının son həddidir. Ermənilər bu teatrı qurmaqla əslində özlərinin bütün eybəcərliklərini, analoqu olmayan antipot milli xüsusiyyətlərini ortaya qoyurlar". Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin "işi" üzrə qondarma "apelyasiya məhkəməsi"nin Xocalının ildönümü günü keçirilməsi məsələsini şərh edərkən deyib.

F.Ağamalı sual edib ki, Kəlbəcər nə vaxtdan erməni ərazisi olub: "Kəlbəcər erməni silahlı qüvvələri tərəfindən işğal edilib və bütün dünya dövlətlərinin toplaşmış olduğu BMT-nin qətnamələrində Kəlbəcər də daxil olmaqla işğala məruz qalmış bütün ərazilərimiz Azərbaycanın ərazisi kimi təsbit olunub. Dilqəm Əsgərov və Şahbaz Quliyev doğmalarının məzarlarını ziyarətə gediblərsə, vətən hissi onları həmin yurda çəkib aparıbsa, bunlar nəyə görə təxribatçı hesab olunmalıdır? Bütün bunlara baxmarayaq, ermənilər hər zaman olduğu kimi, bu işdə də saxtakar mahiyyətlərini ortaya qoymaqdadırlar".

Millət vəkili təəssüf etdiyini bildirib ki, bu günə qədər ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr bununla bağlı təsirli tədbirlər görmürlər: "Minsk qrupunun həmsədrləri mənasız bəyanatlarla kifayətlənirlər. Heç olmasa, bu məsələ ilə bağlı bəyanat verəydilər ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev təxribatçı deyillər və onların azad edilməsinə təsir göstərsəydilər, hər halda üzərilərinə götürdükləri missiyada humanitar bir addım atmış olardılar. ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın girovların azad edilməsi ilə bağlı bəyanatının təsirini də görmürəm. Çünki bəyanatın heç bir təsir imkanları yoxdur. Bunun üçün ABŞ xüsusi tələblə çıxış etməli idi. Minsk qrupunun həmsədri kimi bunu edə bilərdi. Bunlar yoxdur. Bəyanat isə hər hansı nəticə verəcək gücə malik deyil".

F.Ağamalı əlavə edib ki, bu məsələdə Rusiyanın mövqeyi xüsusi olaraq təəccüb doğurur: "Çünki girovlardan biri Rusiyanın vətəndaşıdır. Rusiyanın vətəndaşı olmaq üçün hökmən rus olmaq lazımdır ki, Rusiya bununla bağlı fəaliyyət göstərsin? Rusiya niyə öz vətəndaşına sahib çıxmır? Bu, çox qəribədir. Bu mövqe anlaşılan deyil. Ancaq mən əminəm ki, Azərbaycan dövlətinin təsiri ilə girovlarımız azadlığa buraxılacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti