...

Rəsmi Bakı: Azərbaycan Qərbdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe gözləyir (ƏLAVƏ OLUNUB-3)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2015 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbirlər İlhamə İsabalayeva, Səba Ağayeva/

"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev öz qarşısında əsas vəzifəsini Azərbaycanın müstəqil bir dövlət kimi sabit, təhlükəsiz inkişafda görür və bütün səylərini də bu istiqamətə yönəldib. Bununla da bağlı hansı addım lazım olursa-olsun, onu atmağa qadirdir və bunu da atır".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədov deyib ki, Azərbaycan Qərbdən, Avropa ölkələrindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir dəfə də olsa, konkret bir hüquq çərçivəsində mövqe gözləyir: "Amma çox təəssüf olsun ki, onlar bunu etmir və edə bilmirlər".

Bunu çox mühüm məsələ hesab edən PA rəsmisi əlavə edib ki, Azərbaycan bir neçə il əvvəl Avropa İttifaqının Vilnüs sammitində assosiasiya sazişinə qoşulmadı: "Bizə çox iradlar edildi ki, niyə Azərbaycan bunu etmədi, görəsən, hansı yola dönür, nə edir, niyə edir? Amma tənqid edənlərdən biri də demədi ki, axı bu assosiasiya sazişində Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü məsələsini qeyd etmir. Yəni onu tanıdığını orada göstərmir. Necə olur ki, Moldova, Ukrayna, Gürcüstan göstərilir, Azərbaycan isə göstərilmir. Bunu anlaya bilən kim olur-olsun, başa düşməlidir ki, Azərbaycanın atdığı bu addım düz addımdır".

N.Məmmədov qeyd edib ki, hökumətin son müşavirəsində İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı konkret mövqe nümayiş etdirdi: "Bu, əslində indiyə qədər gedən proseslərin zirvəsi idi. Bundan sonra orada düşündülər ki, bu ölkə o biri ölkələr kimi deyil. Bu ölkəyə digər ölkələr kimi istədiyimiz münasibəti nümayiş etdirə bilmərik. Çünki Azərbaycanın mövqeyi ədalətli, düzgün mövqedir. Bunun nəzərə alındığını göstərən faktorlardan biri Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri idi. Bu səfər zamanı çox geniş danışıqlar aparıldı".

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın AŞ üçün həqiqətən də etibarlı və strateji tərəfdaş olduğunu açıq-aydın qeyd etdi: "Eyni zamanda, Avropa İttifaqı Şurasının prezidenti tərəfindən bu əməkdaşlığın çox vacib bir əməkdaşlıq olduğu qeyd edildi".

PA rəsmisi bildirib ki, daha mühüm məqamlardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqisəsi ətrafında çox geniş fikir mübadiləsinin aparılmasıdır: "Bununla əlaqədar status-kvonun qəbuledilməz olduğu vurğulandı. Avropa İttifaqı Şurasının prezidenti açıq-aydın qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Belə bir ifadənin, hüquqi qiymətin alınması üçün biz uzun bir yol keçmişik. Təəssüflər olsun, bu bizim günahımızdan, nöqsanımızdan deyil. Azərbaycana qarşı belə bir münasibət var, olub, yəqin ki, bununla da bitməyəcək, davam edəcək".

N.Məmmədov deyib ki, bütün bunları nəzərə alaraq, ölkəmizin gələcək inkişafını, sabitliyini, təhlükəsizliyini təmin etmək üçün addımlar atılır: "Amma bu, elə də asan yol deyil. Müstəqilliyimizi əbədi qorumalıyıq. Bunu edə bilməsək, demək, müstəqilliyimizi qazandığımız zaman əldə etdiyimiz nailiyyət də heç olur. Bu nöqteyi-nəzərdən müstəqilliyi qorumaq o qədər də asan deyil".

PA səlahiyyətlisi bildirib ki, belə çətin bir şəraitdə müstəqil xarici və daxili siyasət kursunun aparılması tarixi nailiyyətdir: "Avropa, Qərblə əməkdaşlığımız bizim seçimimiz olub. Bu seçimimizə də sadiqik. Lakin bunları görə-görə bizə qarşı tam etinasızlıq edildiyini, münaqişə ilə bağlı Ermənistan tərəfinə bu qədər dəstək verildiyini, işğalçı ölkə ilə işğala məruz qalan ölkə arasında heç bir fərq qoyulmadığını, hər ikisinə eyni cür yanaşıldığını görəndə, əlbəttə ki, bütün bunları qəbul edə bilmərik. Ola bilər ki, Azərbaycanda da kiminsə hüquqları pozulur. Onun da hüquqlarının qorunması, ədalətli mövqe bildirilməsi lazımdır. Hər hansı hadisə olan zaman bununla bağlı həftələrlə dünyanın ən mühüm qəzetlərində məqalələr yazılır. Amma Azərbaycandakı bir milyondan çox qaçqın və məcburi köçkünlə bağlı həmin qəzetlərdə bir yazı tapmazsınız. Əgər siz doğrudan da insan hüquqlarını qoruyursunuzsa, onda 25 ildir ki, öz məktəbindən, xəstəxanasından, qəbiristanlığından uzaq düşən 1 milyondan çox qaçqın və məcburi köçkündən də yazın. Bununla bağlı bir söz demirlər".

N.Məmmədov deyib ki, XXI əsrdə beynəlxalq hüquq həqiqətən də dünyanın idarə olunmasında əsas mexanizm olmalıdır: "Amma buna fikir verən azdır. Buna baxmayaraq, biz bu çətin yolda uğurla gedirik. Düşünürəm ki, belə də davam edəcək".

Onun sözlərinə görə, Avropa İttifaqı Şurası prezidentinin səfərindən belə nəticəyə gəlinib ki, onların hamısında "biz sizi artıq başa düşürük" əhvali-ruhiyyəsi yaranıb: "Onlar artıq başa düşməyə başlayıblar ki, Azərbaycan həqiqətən konkret mövqeyini məcbur olub dəyişə də bilər. Azərbaycan istəməsə, onu məcbur etmək lazım deyil. İkincisi isə, onlar onu başa düşürlər ki, doğrudan da Azərbaycanla münasibətlərində heç də həmişə ədalətli ola bilməyiblər".

N.Məmmədov əlavə edib ki, Azərbaycan doğrudan da Avropa İttifaqının ən sıx əməkdaşlıq edən etibarlı tərəfdaşıdır: "Biz bu əməkdaşlığı çox vacib hesab edirik. Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək lazımdır. Eyni zamanda, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Bundan sonra da Azərbaycanla əməkdaşıq etmək onlar üçün mühüm hesab olunur. Biz də belə hesab edirik. Biz bu illər ərzində Avropa İttifaqı ilə ona görə əməkdaşlıq etmirdik ki, nə vaxtsa, şıltaqlıq edək. Sadəcə olaraq, bizim dediyimiz odur ki, bu mürəkkəb dünyada bir qədər ədalətli olmaq lazımdır. Belə hadisələr bəzən bizim qəti addımlar atmağımıza rəvac verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti