...

Mübariz Əhmədoğlu: KTMT üzv dövlətinin işğalçı olmasına münasibət bildirməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2015 10:40 (UTC +04:00)
“Susmaq razılıq əlamətidir” - Dünya xalqlarının böyük əksəriyyətində bu məzmunda atalar sözü vardır. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü Ermənistan işğalçıdır. Onun Azərbaycan torpaqlarını işğal etməsi faktı BMT TŞ-nin 4 qətnaməsində öz əksini tapıb.
Mübariz Əhmədoğlu: KTMT üzv dövlətinin işğalçı olmasına münasibət bildirməlidir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

"Susmaq razılıq əlamətidir" - Dünya xalqlarının böyük əksəriyyətində bu məzmunda atalar sözü vardır. "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü Ermənistan işğalçıdır. Onun Azərbaycan torpaqlarını işğal etməsi faktı BMT TŞ-nin 4 qətnaməsində öz əksini tapıb.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkə prezidentlərinin hazırladığı Yenilənmiş Madrid Prinsiplərinin də mahiyyətində Ermənistanın işğalçılığı görünür: "Həmsədrlər yaydığı bəyanatlarda ən azı iki dəfə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini rəsmən bildiriblər. KTMT Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına göz yumur, bu işğalçılıq qarşısında susur. Deməli, belə nəticəyə gəlmək mümkündür ki, KTMT Ermənistanın işğalçılıq siyasətinə razıdır və hətta dolayısı ilə buna dəstək verir. Yaxınlarda RF prezidenti V.Putin Ermənistan prezidenti S.Sərkisyanı Moskvaya çağırdı. Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi proseslərin intensivləşdiyi, iri çaplı silahların istifadə olunduğu vaxtda keçirilən bu görüşdə S.Sərkisyan Dağlıq Qarabağ münaqişəsi regionundakı vəziyyət barədə Putinə məruzə etmədi".

Politoloq qeyd edib ki, yaxın vaxtlarda KTMT-nin Düşənbə sammitində Dağlıq Qarabağ münaqişəsi regionunda hətta artilleriyadan istifadə olunduğu barədə məlumat verəcəyini bildirdi: "Reallıqda KTMT Rusiya deməkdir. Rusiyanın prezidenti ilə birbaşa görüşdə Dağlıq Qarabağ münaqişəsindəki gərginliyin müzakirəsindən çəkinən S.Sərkisyanın Qazaxıstan və Belarus prezidentlərinin iştirakı ilə bu məsələnin müzakirəsinə can atması onun Rusiyaya qarşı pis niyyətli olmasının göstəricisidir".

M.Əhmədoğlu vurğulayıb ki, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan yalnız Rusiyanın təkidi ilə Ermənistanla əlaqəli qərar qəbul edə bilərlər: "Ermənistan isə öz problemini Rusiyaya demək istəmir. Rusiya Dağlıq Qarabağ münaqişəsini tənzimləmək gücünə malik dövlətdir. Rusiyanın isə əlində bu münaqişəni tənzimləməklə bağlı konkret plan var: Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalı, Azərbaycan Ermənistana gedən kommunikasiyaları açmalı. Dağlıq Qarabağın statusunun müəyyən olunması isə sonraya saxlanılmalıdır".

Mərkəz rəhbəri sonra əlavə edib ki, ötən ilin avqustunda S.Sərkisyan RF prezidenti V.Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın xüsusi statusuna dair təklifini rədd etmişdi: "İndi Rusiya prezidenti qarşısında öz problemini deyə bilməyən Ermənistanın KTMT-yə "sığınması" isə S.Sərkisyanın KTMT-yə yaxşı münasibətindən irəli gəlmir. Rəsmi Yerevan həmişə Ermənistan-Azərbaycan sərhəddində hərbi insidentlər törətməklə KTMT-ni bu münaqişəyə qoşmaq istəyir. KTMT-nin baş katibi N.Bordyujanın ermənilərdən bu və ya digər formada aşlılığı rəsmi Yerevanı KTMT-ni şantaja çəkməkdə ruhlandıran əsas məsələdir. Son il yarımda Ermənistanın NATO ilə əlaqələri, NATO-nun təlimlərində iştirakı KTMT ilə əlaqələrindən təxminən beş dəfə çoxdur. Ehtimal ki, S.Sərkisyan KTMT-ni üzv dövləti qarşısında öhdəliyini yerinə yetirə bilməyən qurum kimi diskreditasiya etmək istəyir. Amma KTMT-nin əsas qüsuru işğalçı dövləti üzv qəbul etməsi və ya üzv dövlətinin işğalçılığına reaksiya verməməsidir. Ona görə 15 sentyabrda Düşənbədəki sammit zamanı KTMT üzvlərinin Ermənistanın işğalçılığına reaksiya vermələri bu qurumun özü üçün faydalıdır.
Ermənistan KTMT-yə qarşı təxribata başlayıbsa, dayanmayacaq. Ermənistan Qərbin əlində Rusiyanın əleyhinə alətdir. KTMT ilə NATO-nun problemləri var. Ermənistanın NATO-ya üstünlük verməsi aşkar məsələdir. KTMT üzvləri Ermənistanın işğalçılığına reaksiya verməsələr, deməli NATO-nun KTMT-ni Ermənistan vasitəsilə təxribata çəkməsində maraqlıdırlar. Seçim KTMT-nin və onun baş katibi N.Bordyujanın əlindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti