Azərbaycan, Bakı, 15 oktyabr /Trend/
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "İRƏLİ" İctimai Birliyi tərəfindən həyata keçiriləcək "Münaqişə tərəfi Azərbaycan : Həqiqətlər və reallıqlar" layihəsi çərçivəsində artıq Avropanın bir çox ölkələrindən olan media nümayəndələri və tanınmış bloqqerlərinin iştirakı təsdiqlənib.
Trend xəbər verir ki, layihə çərçivəsində Litva, Macarıstan, İtaliya, Türkiyə, Efiopiya, İngiltərə, Belçika, Almaniya və İsrail ölkələrinin tanınmış media nümayəndələri Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan tərəfinin reallıqlarını öyrənmək məqsədi ilə səfərdə olacaqlar.
"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov bu səfərin Azərbaycanın beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğululayıb: Düşünürəm ki, Azərbaycanın beynəlxalq ictimaiyyət üçün hesablanmış addımlarında mövcud həqiqətlərin qabardılması ən əsas istiqamətimizdir" .
Səfər çərçivəsində Azərbaycanın əzəli torpaqları olan Qarabağ haqqında, Azərbaycanın beynəlxalq müstəvidə bu məsələyə yanaşmasına dair, qaçqın və məcburi köçkünlərin problemlərinin tapdalanmış insan haqlarının beynəlxalq ictimaiyyətdə daha çox qabardılması ən əsas məqsədlərdəndir. Azərbaycanın yüksək sürətli inkişafı beynəlxalq ictimaiyyət üçün tolerant yanaşması və mövqeyi layihə çərçivəsində işıqlandırılacaqdır.
Səfər zamanı yerli mətbuat orqanlarının bu məsələyə yanaşması, dövlət rəsmilərinin mövqeyi, vətəndaş cəmiyyəti institutları ilə görüşlərin keçirilməsi və təcrübi həqiqətlərin öyrənilməsi üçün xüsusi səfərlər nəzərdə tutulub.