...

Xocalı soyqırımının 25-ci il dönümü ilə əlaqədar Misirdə silsilə tədbirlər keçirilir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 20:45 (UTC +04:00)

Bakı. Trend:

Xocalı soyqırımının 25-ci il dönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfirliyin III katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun ərəb dilində qələmə aldığı “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı kitabı Misirin nüfuzlu “Əxbar Əl-Yaum” müəssisəsi tərəfindən nəfis şəkildəçapdan çıxıb.

Fevralın 22-də misirli və Qahirədə təhsil alan azərbaycanlı tələbələr Misir-Azərbaycan Dostluq parkına gələrək, Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin heykəli önünə əklil qoyub, xatirəsini anıb və üzərində ingilis və ərəb dillərində “Xocalıya ədalət!” yazılı şarları Qahirə səmalarına uçurublar.

Fevralın 23-də səfirlikdə Xocalı soyrıqımını anma mərasimi təşkil olunub. Tədbirdə Misirin millət vəkilləri, Misir-Azərbaycan Dostluq qrupunun üzvləri, ölkənin tanınmış siyasi-ictimai xadimləri, burada yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, Misirin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Xocalı filminə baxıb, səfirlikdə təşkil olunan foto sərgi ilə tanış olublar. Tədbiri giriş sözü ilə açan AR-ın MƏR-dəki səfiri T.Rzayev 25 il bundan əvvəl Erməni separatistləri tərəfindən SSRİ silahlı qüvvələrinin 366 motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərində törətdikləri vəhşiliklərdən ətraflı söhbət açaraq, bəzi dövlətlərin, xüsusilə də Minsk qrupu üzvü dövlətlərin və bu qrupun həmsədrlərinin kimin zalım, kimin məzlum, kimin işğalçı, kiminsə işğala məruz qalan olduğunu açıq şəkildə etiraf etmələrinin vaxtı çatdığını və BMT TŞ tərəfindən qəbul olunan qətnamələrin icra olunmasını qəti şəkildə tələb etmələrinin məsələnin həlli üçün yeganə yol olduğunu vurğulayıb.

Tədbirdə Misir-Azərbaycan Dostluq cəmiyyətinin Baş katibi Əbdürrəhman Səd, Misirin Helvan universitetinin prof. Adel Dərviş, tanınmış politoloq Məhəmməd Səlamə, Asiyaelyoum Xəbərlər Agentliyinin Baş direktoru Əbubəkr Əbulməcd Xocalı hadisəsi haqqında danışaraq, Misirin Azərbaycan xalqının yanında olduğunu, dərdini paylaşdığını və hər bir zalıma və işğalçıya qarşı olduqlarını vurğulayıblar.

Fevralın 24-də Qahirənin mərkəzi məscidlərində Xocalı soyqırımı şəhidlərinin xatirəsi anılaraq, onların ruhlarına dualar oxunub.

Həmçinin, Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar məlumatlar, xəbərlər, analitik yazılar Misirin nüfuzlu mətbu orqanlarında dərc olunub, eyni zamanda Xocalıya həsr olunub video sujetlər və çıxışlar Misirin geniş auditoriyasına malik televiziya kanallırında (“Nil Əl-Əxbar” və “Əl-Masriyyə”) yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti