...

Azərbaycan XİN: Lapşinin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü ilə ədalət təmin olundu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2017 17:08 (UTC +04:00)
Aleksandr Lapşinin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü ilə ədalət təmin olundu.
Azərbaycan XİN: Lapşinin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü ilə ədalət təmin olundu

Bakı. Səba Ağayeva - Trend:

Aleksandr Lapşinin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü ilə ədalət təmin olundu.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Lapşin barəsində məhkəmənin qərarı ilə hökm çıxarılmasına münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və məhkəmənin qərarına hörmətlə yanaşılmalıdır: "Birinci instansiya məhkəməsinin qərarı ilə A.Lapşinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb və ədalət təmin olunub".

O əlavə edib ki, istintaq və məhkəmə prosesində A.Lapşinin bütün hüquqları təmin olunub: "Həmçinin konsulluq münasibətləri haqqında Vyana Konvensiyasına uyğun olaraq A.Lapşinin vətəndaşlığını daşıdığı ölkələrin konsulluq nümayəndələrinə də onunla təmaslar üçün bütün lazımi şərait yaradılıb.

Fürsətdən istifadə edərək, əcnəbi ölkə vətəndaşlarını Ermənistanın propaqanda alətinə çevrilməməyə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən və işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərdən kənar durmağa çağırırıq".

XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı aparılan fəaliyyətlərin, işğal olunmuş ərazilərimizdəki qeyri-qanuni əməllərin qarşısının alınması istiqamətində qəti və zəruri milli və beynəlxalq hüquqi təqib xarakterli addımlar bundan sonra da davam etdiriləcək: "Azərbaycan tərəfi işğal olunmuş ərazilərimizə beynəlxalq media nümayəndələrinin səfər etməsinin əleyhinə deyil, amma Dağlıq Qarabağ və işğal olunmuş ərazilər Azərbaycan Respublikasının suveren ərazisidir və ona görə də oraya həyata keçirilən hər hansı səfər Azərbaycan qanunlarına uyğun şəkildə olmalıdır. Xarici KİV nümayəndələrinə gəldikdə isə, onlar Azərbaycanın işğal olunmuş ərazilərində öz peşəkar fəaliyyətlərini həyata keçirmək üçün xarici KİV nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiyadan keçməlidirlər. Bu şərtlər altında işğal olunmuş ərazilərə səfər edən çox sayda KİV nümayəndələri var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti