...

XİN: Azərbaycan Minsk qrupunun yeni amerikalı həmsədri ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2017 11:16 (UTC +04:00)
Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır.
XİN: Azərbaycan Minsk qrupunun yeni amerikalı həmsədri ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır

Bakı. Səba Ağayeva – Trend:

Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, ümumiyyətlə, Azərbaycanın Minsk qrupunun həmsədrlərindən gözləntisi fərdi deyil, institusional xarakter daşıyır:

“Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasını və məcburi köçkünlərin geri qayıtmasını təmin etməlidir. Lakin bu, Minsk qrupunun 25 illik fəaliyyəti ərzində təmin edilməyib”.

XİN rəsmisi əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridirlər və onlar da BMT TŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinin qəbulunda birbaşa iştirak ediblər. Bu qətnamələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, sərhədlərin toxunulmazlığını bir daha təsdiq edir və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edir:

“Riçard Hoqlanda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri kimi fəaliyyəti və xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması ilə əlaqədar ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi prinsipial mövqeyini ortaya qoyması baxımından təşəkkür edirik və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”.

Qeyd edək ki, Endyu Şofer ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni daimi həmsədri təyin edilib. O, ABŞ-ın təcrübəli diplomatlarından biridir, bundan əvvəl Birləşmiş Ştatların Vyanada beynəlxalq təşkilatlar yanındakı missiyasında işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti