...

Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Belarusda tədbirlər keçirilir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2018 17:57 (UTC +04:00)
Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən müvafiq tədbirlər planı tərtib olunub.
Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Belarusda tədbirlər keçirilir (FOTO)

Bakı. Trend:

Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən müvafiq tədbirlər planı tərtib olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, həmin Plana uyğun olaraq geniş silsilə tədbirlər həyata keçirilməkdədir.

Səfirlik Belarus Azərbaycan İcmaları Konqresi ilə birlikdə cari ilin fevral ayının 18-də Vitebsk, fevral ayının 22-də isə Svetloqorsk şəhərlərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimləri keçirib.

Vitebsk şəhərində keçirilmiş anım mərasimində Poloçk və Orşa şəhərlərində yaşayan, Svetloqorsk şəhərində keçirilmiş anım mərasimində isə Moqilyov vilayətinin Bobruysk, Qomel vilayətinin Jlobin, Soliqorsk və Kalinkoviç şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər. Anım mərasimlərində Xocalıda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və həlak olanların ruhuna “fatihə” surəsi oxunub.

Tədbirlərdə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov çıxış edərək Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tarixi kökləri, əsrlər boyu xalqımıza qarşı həyata keçirtdikləri vəhşiliklər barədə danışıb. O, XX əsrin bir çox soyqırımlarla yadda qaldığını, lakin Xocalı soyqırımının özünün miqyasına və amansızlığına görə ən dəhşətlilərindən biri olduğunu qeyd edib. Faciənin ən əsas cəhəti ondan ibarət olub ki, ciddi düşünülmüş, planlaşdırılmış və xüsusi qəddarlıqla həyata keçirilməsi ilə fərqlənmişdi. Xocalı faciəsi Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə planı çərçivəsində Ermənistanın hazırkı rəhbərliyinin bilavasitə iştirakı ilə həyata keçirilmişdi. Bununla bağlı səfir hazırkı prezident Serj Sarkisyanın BBC-nin müxbiri Tom deVala verdiyi müsahibəsindən bir parçanı səsləndirib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyil. Biz bu stereotipləri qıra bildik, baş verən budur”. Səfirin fikrincə S.Sarkisyan ancaq bu sözlərinə görə beynəlxalq Haqa məhkəməsində cavab verməlidir. Səfir bildirib ki, haqq öz yerini tapacaq və bu mütləq baş verəcəkdir. Azərbaycanda o zaman mərkəzləşmiş rəhbərliyin və idarə etmə sisteminin olmaması faciənin nətəicələrini daha da ağırlaşdırıb, məsələyə vaxtında siyasi qiymət verilməyib. Səfir qeyd edib ki, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti tərəfindən ilk olaraq bu faciəyə siyasi qiymət verilib və 26 fevral Xocalı soyqırımı günü kimi elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı geniş miqyaslı beynəlxalq təbliğatın nəticəsidir ki, dünya ictimaiyyəti Xocalı soyqırımının real miqyası, dəhşətləri ilə tanış olmuş “Məzlum” erməni təbliğatına son qoyulub. Bu gün 15-dən çox dövlətin milli qanunvericilik orqanı, ABŞ-ın 10-dan artıq ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qırğınını ən kəskin şəkildə pislənilmiş və Xocalı faciəsinin soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul olunub. Səfir Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildən başladılmış “Xocalıya Ədalət” təbliğat-informasiya kampaniyasının rolunun böyük olduğunu bildirib.

L.Qəndilov keçirilmiş tədbirlərdə Xocalı soyqırımı ilə bağlı məlumatların Belarus ictimaiyyətinə çatdırılması işində səfirliklə yanaşı Belarusda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.

Səfir qeyd edib ki, tarix bizə heçdə hər zaman mərhəmətli olmayıb. Lakin unutqanlığımız hər şeyimizi itirməyə səbəb ola bilər. Buna görə də bu faciəni heç bir zaman unutmamalı, tarixin çox məsuliyyətli və qeyri müəyyən dövründə Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşmək, milli mənafe və düşüncənin möhkəmləndirilməsinin vacib olduğunu söyləmişdir. Bütün ikinci dərəcəli məsələlər isə kənara qoyulmalıdır. Milli varlığımız bu gün bunu tələb edir.

Vitebsk şəhərində keçirilmiş mərasimdə Azərbaycan diasporu fəallarından Akif Cəfərov və Saleh Mirzəyev, Svetloqorsk şəhərində keçirilmiş tədbirdə isə Eyyub Yusifov, Məzahir Yusifov və AİK gənclər bölməsinin üzvü Ülvü Qasımov çıxış edib, Xocalı soyqırımının günahkarlarının beynəlxalq məhkəməyə verilməsini, tarix qarşısında cavab vermələrini tələb ediblər.

Tədbirlərin keçirildiyi zallarda faciəni əks etdirən fotoşəkillərdən və kitablardan ibarət sərgi təşkil edilib, tədbir iştirakçılarına müxtəlif təbliğat materialları və səfirlik tərəfindən hazırlanmış press-relizlər paylanıb.

Sonda Xocalı soyqırımına həsr olunmuş “Məhv edilmiş şəhər” sənədli filmi nümayiş etdirilib.

Keçirilən tədbirlərin davamı olaraq, 26 fevral tarixində Azərbaycanının Belarusdakı səfirliyində Minsk şəhərində və ətraf bölgələrdə yaşayan diaspora və diplomatik nümayəndələrin iştirakı ilə geniş anım tədbirinin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti