...

100 yaşlı Azərbaycan Ordusu düşmən üzərində qələbələrini sıralayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2018 19:11 (UTC +04:00)

Elçin Mehdiyev - Trend:

Azərbaycan tarixində bir çox ilklərə imza atan, bu il 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə gördüyü mühüm işlərdən biri də Milli Ordunun formalaşdırılması oldu. 100 il əvvəl – 1918-ci il iyunun 26-da yaradılan Azərbaycan Silahlı Qüvvələri əminliklə söyləmək olar ki, bu gün ən güclü dövrünü yaşayır. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Ali Baş Komandan İlham Əliyevin davam etdirdiyi müasir ordu quruculuğu sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında dayanır, regionda isə ən güclü ordudur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bir çox sahələrdə aparılan islahatlar ordu quruculuğundan da yan ötməyib. Belə ki, ölkənin müdafiəsinin təşkil edilməsi üçün Azərbaycan Ordusunun döyüşə hazırlığı sahəsində müvafiq tədbirlər görülüb, qoşunlar müasir döyüşün aparılması tələblərinə cavab verən silah, hərbi texnika və digər vasitələrlə hərtərəfli təmin olunub. Azərbaycan Ordusunun qoşun-döyüş sursatları üzrə ehtiyatlarının yaradılması məqsədilə yerli hərbi sənaye müəssisələrindən və xarici ölkələrdən müxtəlif təyinatlı müasir döyüş texnikası, eləcə də digər hərbi məhsullar alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib.

Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlətimizin başçısının atdığı ilk addımlardan biri 16 dekabr 2005-ci il tarixli sərəncamla Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaradılması oldu. Təsadüfi deyil ki, hazırda ordumuzun arsenalı dünyanın aparıcı ölkələrinin istehsalı olan silah-sursatla genişlənir, eyni zamanda, Azərbaycan özünü bir çox müdafiə sənayesi məhsulları ilə təmin edir. Ölkədə istehsal olunan bu qəbildən məhsulların 89 faizini müdafiə və xüsusi təyinatlı məmulatlar təşkil edir. 2007-ci illə müqayisədə təkvə 2016-cı ildə ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 42 dəfə artıb. Ümumilikdə, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı artaraq 213-dən 1200-ə çatıb. Bununla yanaşı, Azərbaycan istehsal etdiyi məmulatlardan döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatları 10-dan çox ölkəyə ixrac edir. İxrac olunan məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.

Azərbaycan bu sahədə istehsal prosesini davam etdirir. Yaxın gələcəkdə xüsusi təyinatlı hücum pulemyotu, müxtəlif millimetrlik avtomat silahlar, iriçaplı pulemyotlar və avtomatik toplar üçün lülələri, avtomatik qumbaraatan komplesi, lüləaltı qumbaraatanı və snayper tüfəngləri üçün optik nişangahların yaradılması nəzərdə tutulur.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi bu gün əsas prioritetlərdən biridir. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub:

“Azərbaycan silahları ən yaxşı istehsalçılardan alır və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə, əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib. Qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq”.

Hazırda Azərbaycanda döyüş sursatları üçün partlayıcı maddələrin istehsalı üzrə zavodların yaradılması işləri davam etdirilir. 2017-ci ilin iyununda Azərbaycan Prezidentinin iştirakı ilə Şirvan şəhərində TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılış mərasimi keçirilib. Yaxın gələcəkdə daha 2 zavodun – artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı və həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur.

Yeni nəsil silah növlərinin istehsalı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirilir. Bu layihələr sırasında yeni nəsil təsir gücü artırılmış qəlpəli-fuqaslı və daha təkmilləşdirilmiş kumulyativ başlıqlı pilotsuz uçuş aparatlarını (“Zərbə KM”), Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşınını və digərlərini göstərmək olar.

Ötən il NATO standartlarına uyğun “Yalquzaq” snayper tüfəngi, 60 mm-lik və 81 mm-lik minaatanlar, 40x46 mm-lik əl qumbaraatanı, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusu və tüstü qumbarası, kollimator nişangahı, 81 mm-lik mina və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub, 30 və 40 mm-lik kalibrli döyüş sursatları üçün partladıcıların, avtomat və pulemyotlar üçün 4 adda lülələrin istehsalat hazırlığı işləri başa çatdırılıb. 14,5 mm-lik snayper tüfənginin, 30 mm-lik qumbaraatan kompleksinin, hücum pulemyotunun, 7,62x39 mm və 5,56x45 mm avtomatların və 40 mm-lik lüləaltı qumbaraatanın müvafiq sınaqları keçirilib və yaxın vaxtlarda istehsalının mənimsənilməsi təmin ediləcək. Müasir döyüş modulu ilə təchiz olunan milli zirehli maşının sınaq nümunələri hazırlanıb, güc strukturlarının iştirakı ilə onun təqdimat sınaqları keçirilib.

Heç şübhəsiz ki, bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına müsbət təsir göstərir. Şanlı Aprel Qələbəsi də bunu təsdiq etdi. 2016-cı il aprel ayının əvvəllərində Azərbaycan Ordusu düşmənə cavab olaraq sarsıdıcı zərbələr endirdi. Nəticədə Ermənistan silahlı qüvvələrinin 200-ə yaxın hərbçisi, çoxsaylı texnikası məhv edildi, 2000 hektara yaxın ərazi, o cümlədən Lələtəpə və Talış yüksəklikləri erməni işğalından azad edildi, Silahlı Qüvvələrimiz on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazandı. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini nümayiş etdirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Milli Ordunun arsenalında olan müasir silahlardan istifadə edilsə, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq.

Qeyd etmək lazımdır ki, ümumilikdə Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının dəqiq müəyyənləşdirilib məhv edilməsində Azərbaycan istehsalı olan yeni növ hərbi təyinatlı məhsullar mühüm rol oynayıb.

Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər keçirilir. Sonuncu belə təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Bütün genişmiqyaslı təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilir. Təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilir, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edirlər.

Həmçinin Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi, artıq ənənəvi hal alan təlimləri qeyd etmək yerinə düşər. Bu təlimlərə iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı” və “TURAZ Şahini” birgə taktiki-uçuş təlimlərini, iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimlərini, döyüş atışlı taktiki təlimlərini, xüsusi təyinatlı qüvvələrinin birgə iştirakı ilə keçirilən “Qafqaz Qartalı” təlimini və başqalarını misal çəkmək olar.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir ordu quruculuğunda əldə olunan uğurların nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinə beynəlxalq səviyyədə də etimad göstərilir. Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir. Belə ki, 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə (32 əsgər, 1 gizir və 1 zabit) NATO-nun rəhbərliyi altında Kosovada sülhyaratma və sülhü dəstəkləmə əməliyyatlarda iştirak edib.

20 noyabr 2002-ci il tarixdən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyətə başlayıb. 19 fevral 2009-cu il tarixdən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin taboru tərkibində fəaliyyət göstərir.

2015-ci ilin yanvar ayından isə NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmətə başlayıb. 2018-ci ilin yanvar ayından “Qətiyyətli Dəstək” missiyası üzrə Azərbaycan Ordusunun Sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılıb.

Ümumilikdə, 1999-cu ildən müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan Ordusunun 3000-dən artıq hərbi qulluqçusu iştirak edib.

Ordu quruculuğundan danışarkən kadr məsələlərini unutmaq olmaz. Qeyd olunmalıdır ki, ötən illərdə Azərbaycan Ordusunun zabir, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə komplektləşdirilməsi məqsədilə xüsusi təyinatlı təhsil müəssisələri və kadr orqanlarının idarəetmə sistemi optimallaşdırılıb, kadrların idarə edilməsi sahəsində elektron uçot sistemi təkmilləşdirilib, bu kateqoriyadan olan hərbi qulluqçuların attestasiyası keçirilib. Ali hərbi məktəbləri və zabit hazırlığı kurslarını bitirmiş 2 min nəfərdən artıq hərbi qulluqçu qoşunlarda müvafiq vəzifələrə təyin edilib. Bundan başqa, Azərbaycan Ordusunda silahlanmaya daxil edilmiş müasir silah və texnika növlərinin öyrənilməsi və düzgün istismarını təmin etmək məqsədilə müvafiq kurslar təşkil edilib, hərbi qulluqçulara müvafiq təhsil verilib və bacarıqlar öyrədilib.

Bütün bu sadalanan, ümumilikdə isə ordu quruculuğu sahəsində bir yazıya sığmayan nailiyyətlər onu deməyə əsas verir ki, gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyəti daha da artırılacaq, Milli Ordumuz düşmən üzərində qələbələrini sıralayacaq.

Məqalə Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti