...

Ermənistanın Azərbaycana qarşı ekoloji müharibəsinə son qoyulması üçün beynəlxalq qurumlara müraciət qəbul edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2006 13:50 (UTC +04:00)

Sentyabrın 26-da Bakıda "Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji müharibə və onun fəsadları" mövzusında dəyirmi masa keçirilib. Trend in məluatına görə, tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı rəsmi qurum təmsilçiləri də iştirak edib.

Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, professor Nadir Abdullayev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, 1988-1994-cü illər ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistan öz təcavüzkar siyasətini bu gün də davam etdirməkdədir. Son illər ərzində Ermənistan tərəfin işğal olunmuş Azərbaycan ərazilərində irimiqyaslı yanğınlar törətməklə regionun flora və faunasına ölçüyəgəlməz ziyan vurmasından artıq dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar, o cümlədən BMT, AŞ, ATƏT kimi nüfuzlu qurumlar xəbərdardır.

"Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji müharibə təkcə ərazilərin, əhalisi didərgin salınmış yaşayış məntəqələrinin yandırılması ilə məhdudlaşmır. İşğalçılar həmin ərazilərdəki meşələri, bağları, nadir ağac növlərini kütləvi şəkildə qırır, heyvanat aləmini məhv edir, təmas xəttinin Azərbaycan tərəfinə su vermir, axan suları isə qəsdən ziyanlı maddələr, sənaye və məişət tullantıları ilə çirkləndirir" - deyə natiq qeyd edib.

Sonra digər masa iştirakçılarının "Erməni işğalının Azərbaycanın flora və faunasına vurduğu ziyan", "Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji müharibə", "İşğal olunmuş Azərbaycan ərazilərində meliorasiya və su təsərüüfatına vurulan ziyan", "Ermənistanın təcavüzü nəticəsində respublikanın kənd təsərrüfatına vurulmuş ziyan" mövzuları ətrafında məruzələri dinlənilib.

Tədbirin sonunda dəyirmi masa iştirakçılarının BMT Təhlükəsizlik Şuransına, BMT Baş Assambleyası 61-ci sessiyasının iştirakçılarına, AŞ PA-ya, ATƏT-in fəaliyyətdə olan sədri cənab Karel de Quxta, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin başçılarına müraciət qəbul olunub.

Xəbər lenti

Xəbər lenti